“Yanar dağ”da bayram şənlikləri keçirilib
13 Mart 2013 14:42 MədəniyyətAzərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyətini nəzərə alaraq, artıq beşinci ildir ki, "Yanar dağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğunda bayram şənlikləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, martın 12-də Yel çərşənbəsi münasibətilə "Yanar dağ"da gerçəkləşən "Yurduma bahar gəlir" adlı tədbir də rəngli görüntülərlə yadda qalıb.
Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir.
Tədbirdə aparıcılar tərəfindən Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndirilib. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Çəngi" rəqsi ifa olunub. ("OLAYLAR"İA)