“Sübhün səfiri” filmi Tbilisidə təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunan "Sübhün səfiri" filminin təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il "Azərbaycanfilm" kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğludur. 
Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində bu ölkənin mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya yaradıcı heyəti və ssenari müəllifi Anarı maraqlı film münasibətilə təbrik edib: "Yazıçılar, şairlər, eyni zamanda onların yaratdığı əsərlər bir xalqa məxsus deyil, о, hamınındır. Mən çox sevinirəm ki, bu gün, Tbilisidə yaşayıb-yaradan Azərbaycan dramaturqunun 200 illiyi qeyd edilir". 
 "Sübhün səfiri" filmi gürcü dilində alt yazılarla nümayiş olunub. 
Teatrın foyesində M.F.Axundzadənin əsərlərinin əlyazmaları, teatr afişaları, komediyalarına rəssamlar tərəfindən çəkilən rəsmlərin və Azərbaycanın məşhur teatr xadimlərinin fotolarından ibarət sərgi də təşkil edilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31