“Bəzi aktyorların pulu az, bəzilərininki isə...” - MÜSAHİBƏ
13 Mart 2013 13:52 MədəniyyətMüsahibimiz Gənc Tamaşaçılar Teatrının, "Qaynana" serialının aktyoru Elnur Kərimovdur
-Novruz bayramı yaxınlaşır. Bayramla əlaqədar teatrınızda nə kimi yeniliklər olacaq, tamaşaçıları nə ilə sevindirəcəksininz?
- Bayramın daha da geniş təbliği, dünya ölkələrinə çatdırılması üçün hər kəsin, eləcə də teatrın öz öhdəlikləri var. Hər il bu bayramla əlaqədar böyük tamaşalar hazırlayırdıq. Bu dəfə isə hər şey tamam fərqli olacaq. Mikayıl Müşfiqin yaradıcılığına daxil olan "Şəngülüm, şüngülüm, məngülüm" əsərinə müraciət edərək onu fərqli formada təqdim edəcəyik. Tamaşada əsərdən fərqli olaraq Kosa və Keçəl uşaqlara hədiyyə gətirəcək. Həmin tamaşa ilk dəfə olaraq ayın 15-i ilk dəfə təqdim olunacaq. Tamaşanın rejissoru Nicat Kazımovdur. Komediya janrında olan, müasirliyi ilə digərlərindən seçilən tamaşada rəqslər, musiqilər də bu günün tələbinə uyğun olacaq.
-Hazırda "Qaynana" serialında çəkilişləriniz davam edir. Bu serialla yanaşı başqa layihələrdən təkliflər gəlibmi?
-Mənim "Qaynana serialı ilə müqaviləm var. O, bitməmiş heç bir serialda çəkilə bilmərəm. Hələ ki, çəkilişlərimiz davam edir. Yeni-yeni layihələr üzərində işləyirik. Bu yaxınlarda serialımızda Xocalı faciəsi ilə əlaqədar bir bölüm də yayımlandı. Məncə bu işin də öhdəsindən layiqincə gələ bildik. Gələn ildə 20 Yanvar, Xocalının ildönümü münasibəti ilə də hazırlıqlara başlamışıq.
-Filmlərə çəkilməməyinizin səbəbi nədir?
-Hələ ki, filmlərə razılıq verə bilmirəm. Bunun serialla heç bir bağlılığı yoxdur. Səbəb kinostudiyada yaranan problemdir. Bəzi aktyorların pulu az, bəzilərininki isə əskik verilir. Buna görə, hələ ki, kino çəkilişlərinə razılıq vermirəm.
-Bəs, çəkildiyiniz serialda necə, bu cür problemlərlə qarşılaşmısınız?
-Xeyr, "Qaynana" serialında hər şey çox gözəldir. Pulumuzu isə vaxtından da tez alırıq. Hər şey çox yüksək səviyyədədir. Digər kollektivlərə də Xəzər ailəsi kimi olmağı arzulayıram. Serialla bağlı heç bir problem yoxdur.
-Teatr sahəsində nə yeniliklər var?
-Teatr sahəsində də maraqlı layihələrimiz çoxdur. Artıq məktəblilərlə görüş keçirərək, istedadlı şagirdlərin üzə çıxmasına kömək edirik. Münsiflər heyətində yer almışam. ASSİTEYŞ tərəfindən keçirilən layihə "Mən teatr haqda danışmaq istəyirəm" adlanır. ASSİTEYŞ-in rəhbəri Gənc Tamaşaçılar Teatrının direktoru, respublikanın əməkdar artisti Mübariz Həmidovdur. Mübariz müəllimin və onun kollektivinin qərarına əsasən belə bir layihəni reallaşdırmaq haqda düşündük. Layihə çərçivəsində məktəblilərin teatra marağını və bu sahədəki biliklərini artırmağa çalışacağıq. Artıq bu işlə əlaqədar Gənc Tamaşaçılar Teatrında bədii şura yaradılıb. Öncələr də Gənc Tamaşaçılar Teatrında belə şura fəaliyyət göstərib. Azərbaycan teatr tarixində ilk dəfə olaraq məktəblilərdən ibarət bədii şura digərlərindən məhz bu xüsusiyyəti ilə seçiləcək. Tamaşalar bitəndən sonra uşaqların fikirlərini öyrənəcəyik. Çünki uşaqlar hər zaman sözün düzün deyir, onlar heç vaxt yalandan kiminsə tərəfini saxlamır.
Nigar Məhərrəm