Ramiz Quliyev: "Azərbaycan mədəniyyətinin bir parçası olan muğam xalqımızın göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürdüyü sənət nümunəsidir"

2012-ci ildə Azərbaycanın tar ifaçılığı sənətinin UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınması tar sənətinin dünyada inkişaf mərhələsini göstəricisidir. AzərTAc xəbər verir ki, bu sözləri "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda Beynəlxalq elmi simpoziumda iştirak edən xalq artisti Ramiz Quliyev jurnalistlərə müsahibəsində demişdir. Xalq artisti festivalın açılış mərasimində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın çox aydın, gözəl məzmunlu çıxışının dövlətimiz tərəfindən Azərbaycan muğam sənətinə göstərilən diqqət və qayğının sübutu olduğunu bildirmişdir. O, bir musiqiçi, tarzən kimi buna sevindiyini vurğulamış və bildirmişdir ki, Azərbaycan mədəniyyətinin bir parçası olan muğam xalqımızın göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürdüyü sənət nümunəsidir. Xalq artisti bu festivalın əvvəlkilərdən bir çox cəhətləri ilə fərqləndiyini, təkcə xanəndələrin deyil, eyni zamanda, instrumental ifaçıların da müsabiqədə iştirak edəcəklərini bildirmişdir. Ramiz Quliyev bu günlərdə iki gözəl bayramın - Beynəlxalq muğam festivalının keçirildiyini və Novruz bayramı ərəfəsində olduğumuzu və bu əlamətdar hadisələrin həm xalqımıza, həm də qonaqlara gözəl ovqat və xatirələr bağışlayacağına əminliyini ifadə etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31