Folklorumuz və Qobustan

13 mart 2013-cü il tarixdə Mədəniyyət və Turizm Nazirliyi Qobustan Milli Tarix və Bədii Qoruğunda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Folklorumuz və Qobustan" mövzusunda mədəni irs seminarı keçiriləcək.
Azərbaycan folklorunda Axır çərşənbə və Novruz ənənələrinin araşdırılması və təbliğinə həsr olunmuş seminarda Qobustan qoruğunun direktoru, tarix elmləri doktoru Məlahət xanım Fərəcova, AMEA Folklor İnstitutunun əməkdaşı, sənətşünaslıq doktoru Nailə xanım Rəhimbəyli, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nazilə xanım Abdullazadə və MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli məruzə ilə çıxış edəcəklər.
Seminarda MİRAS İctimai Birliyinin və Aktiv Medianın birgə istehsalı olan Azərbaycanın türk obalarının Axır çərşənbə ənənələrindən bəhs edən "Tərəkəmə çərşənbəsi" filmi nümayiş olunacaq.
Tədbirin sonunda MİRAS Musiqi qrupunun muğam ifaçıları (xanəndə Ruslan Adgözəlov, tarzən Mehman Mikayılov və kamança ustası Cahandar Mikayılov, saz ifaçısı Rəna Quliyeva) Novruz ab-havasını canlandıran muğam parçaları ifa edəcəklər.
Seminara araşdırmaçılar, tələbələr, media nümayəndələri və digər maraqlananlar dəvətlidir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31