“Ər İşdə” Rusiyaya gedir
11 Mart 2013 18:17 Mədəniyyət"Konsert gözlədiyimizdən də yaxşı keçdi. Hətta konsertin günlərini artırmağı da düşünürdük. Lakin Respublika Sarayında dövlət tədbirlərinin təşkili ilə əlaqədar konsert günlərini artıra bilmədik. "Ər İşdə"yə on gün qalmış şəhərin kassalarında bilet tapmaq da mümkün deyildi". Bu sözləri "OLAYLAR"a verdiyi açıqlamada "Bu Şəhərdə"nin ssenari müəllifi Müşfiq Abbasov deyib. Müşfiq Abbasov daha sonra on gün Respublika Sarayında təşkil olunan konsertdə baş verən gözlənilməz hadisələr haqda danışıb: "Səhnə arxasında Coşqunun səhhəti pisləşdiyindən onun üçün əlavə təcili yardım çağırdıq. Əməliyyatdan sonra Coşqunda adi günlərdə belə anoloji hadisələr baş verir, ürək döyüntüləri artır. Bu zaman o, huşunu da itirə bilərdi. Hər zaman ona nəzarət lazımdır. Həkimlərimiz sağ olsun, onların səyi ilə Coşqunun vəziyyəti yaxşılaşdı". Ssenari müəllifi konsert zamanı atılan atmacalara da münasibətini bildirib: "Bizim işimiz atmacadan ibarətdir. Kim bu atmacaların Fazil Mustafaya ünvanlanması haqda yazıbsa, çox səhv yazıb. Biz sözü atırıq, kim istəyir özünə götürsün. Həmişə bizim ünvanımıza nəsə söz deyilib. Bir il öncə də, on il öncə də". Çingiz Abdullayevin auditoriyada əyləşməsinin onları üçün ən böyük sürpriz olduğunu deyən Müşfiq bunu özləri üçün şərəf adlandırıb: "Gözləmədiyimiz sürpriz yazıçı Çingiz Abdullayevin iştirakı olub. Mən uşaqlıqdan onu sevirəm. Yazıçının gəlişi həqiqətən də bizim üçün sürpriz oldu. Konsertdən sonra da o, dəyərli fikirlərini bizimlə bölüşdü". Müşfiq Abbasov daha sonra Moskva konserti haqda da danışıb: "Aprelin 4-ü Sankt-Peterburqda, 7-si Moskvada "Ər işdə"ni azərbaycanlı tamaşaçılarımıza təqdim edəcəyik. Bundan öncə də Mir konsert salonunda görüşlərimiz olub. Bu salon təxminən min yüz nəfərlik auditoriyanı özündə ehtiva edir. Rusiyada keçiriləcək konsertin biletləri də satışa çıxarılıb. Ola bilər ki, konsert günlərində artım olsun. Bu da bir həftə sonra müəyyənləşəcək. "Bu Şəhərdə"nin ssenari müəllifi daha sonra digər planları haqda açıqlama verib: "Reklam çəkilişləri üçün İstanbula gedəcəyik. Yay aylarında isə komediya janrında olan filmin çəkilişlərinə başlayacağıq. Baş rolda təkcə Rafael və Coşqun olmayacaq. Digər aktyorlar da bu filmdə rol alacaq".