“Verilişdəki mühitdən çox sıxıldım” - MÜSAHİBƏ

Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Ümid var" proqramına qonaq qismində qatılan Arif Quliyev canlı yayımda baş verən gərginliklər haqda "OLAYLAR"a danışıb.

-"Ümid var" proqramında vəziyyətiniz pisləşdi. Buna nə səbəb oldu?

-Qatıldığım verilişdə müzakirə olunan mövzular mənə çox pis təsir etdiyindən verlişi tərk etmək istəyirdim. Oğul həsrəti çəkən ataya qarşı övladının bu cür rəftar etməsindən təsirləndim. Ata-oğul mövzusuna belə həssas yanaşmağımın səbəbi isə oğul acısı çəkməyimdir. Proqrama qatılmazdan öncə də beyin-damar sistemimdə problemlər vardı. Müzakirə olunan mövzu mənə pis təsir etdiyindən ürək döyüntülərinin artması, beyin damarlarının sıxılması nəticəsində huşumu itirdim. Sonradan həkimlərin və "Ümid var" heyətinin köməyi ilə yaxşılaşdım.

-Halınız pisləşsə də xərəkdə aparılmaqdan imtina etdiniz. Bunun səbəbləri haqda nə deyə bilərsiniz?

-Məni xərəkdə aparmalarına razılıq vermədim.Efirdə bu cür görüntülənmək istəmirdim.

-Bəs, kameraların bu görüntüləri uzun müddət yayımlamasına münasibətiniz necə oldu?

-Məni ən çox əsəbləşdirən kameraların uzun müddətli çəkilişi olub. Gərək bu cür etməzdilər. Amma onları da başa düşürəm. Jurnalistlər vəzifələrini hər zaman sonacan yerinə yetirməlidirlər.

-Nisbətən yaxşılaşmısız. Həkimlərin səhhətinizdə yaranan problemlə əlaqədar sizə əsas tövsiyələri nə olub?

-Həkimlər mənə 10 saatdan artıq yatmağı qadağa ediblər. Bundan başqa, idman etmək, gündə beş dəfə yemək də tövsiyə edilib. Ailəmin ətrafında gözəl istirahət edirəm. Hazırda özümü yaxşı hiss edirəm.

-Arif Quliyevin qadın geyimində səhnəyə çıxan aktyorlara münasibəti necədir?

-Bu gün ölkəmizdə yaxşı ssenarist yoxdur. Ssenaristlər aktyorları qadın geyimində səhnəyə çıxmağa məcbur edir. Bəziləri isə yersiz olaraq ləhcədən istifadə edib, "maa, saa" deməklə hətta bölgələri də təhqir edirlər. Mən 42 ildir ki, səhnədəyəm. Heç vaxt  ləhcə ilə danışmamışam. Ləhcə ilə danışmağın da həddi var. Bizim hansısa bölgənin ləhcəsinə lağ etmək haqqımız yoxdur. Ssenaristlər necə yazırsa, nə cür tələb edirsə, aktyor da o cür danışır, həmin rolu da oynayır. Aktyor belə həssas nüanslara diqqətlə yanaşmalı, hər deyiləni olduğu kimi etməməlidir.

-Ümumiyyətlə, aktyorun səhnə danışığı necə olmalıdır?

-Artist işlətdiyi sözə fikir verməlidir. Elə sözlər var ki, onu səhnədə, tamaşaçıların qarşısında işlətmək olmaz. Məsələn, "lüt" sözü. Biz heç vaxt bu cür sözləri səsləndirməmişik. Nalayiq sözü də elə işlətməliyik ki, bizə baxan utanmasın. Evdə ekran qarşısında əyləşən ailə üzvlərinin bir-birinin yanında bizim dilimizdən bu cür sözlər eşitməsi düzgün deyil.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31