Anar Heybətov: “Ötən gün bizim üçün çox önəmli günlərdən biri idi”
11 Mart 2013 13:31 MədəniyyətÖtən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ölkə başçısının imzaladığı sərəncama müvafiq olaraq Milli Teatr Günü möhtəşəm qeyd olunub. Teatrın aktyor heyətinin üzvlərindən olan Anar Heybətov ilk dəfə təşkil olunan tədbir haqda təəssüratlarını bizimlə bölüşüb: "Ötən gün bizim üçün çox önəmli günlərdən biri idi. Teatrda aktyorlar bir-birini bayram münasibətlə təbrik edirdi. Tədbiri çıxış nitqi ilə açan teatrın direktoru İsrafil İsrafilov da bu münasibətlə hər birimizi təbrik edib. Daha sonra Mədəniyyət Nazirliyinin təmsilçisi Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, teatrşünas Məryəm Əlizadə çıxış edib. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsərini məharətlə canlandıran aktyorlarımız hər zaman olduğu kimi, bu dəfə də tamaşaçılara xoş dəqiqələr bəxş edib. Mən də bayram münasibətilə sənət yoldaşlarımı təbrik edərək, onlara müvəffəqiyyətlər arzulayıram. Dövlət başçısı İlham Əliyevə, Mədəniyyət Nazirliyinə göstərilən bu diqqət və qayğıya görə təşəkkür edirik".