Azərbaycanlı müğənni: "Bu il ailə həyatı quracağam"

"Səbəbi şəxsi həyatımla, ailəvi məsələlərlə bağlı idi..."

Müğənni Sevda Sanaliyevanın Milli.Az-a müsahibəsi.

- Sevda xanım, uzun zamandır, efirlərdə görünmürsünüz. Görünməməyinizə səbəb var?

- Uzun müddət görünməməyimin səbəbi şəxsi həyatımla, ailəvi məsələlərlə bağlı idi. Atam rəhmətə gedəndən sonra əlim-ayağım soyudu, bir az kənara çəkilib, istirahət edib, öz kədərimi yaşamaq istədim.

- Deyəsən, müğənnilik sənəti rəqqasəlik sənətinizə üstün gəldi...

- 6 ildir, yalnız müğənniliklə məşğulam. Müğənniliyi sevirəm, özümü bu sənətdə tapdım.

- Mahnılarınız çox sevilir, hitə çevrilir. Hazırda yeni mahnılar üzərində işləyirsiniz?

- Hazırda inandığım və çox sevdiyim 4 mahnı üzərində işləyirəm. Əmin ola bilərsiniz ki, bu mahnılar çox seviləcək. Mənim zövqümə şübhəniz olmasın (gülür).

- Klip haqda necə, düşünürsünüz? Necə bir klip çəkdirmək istərdiniz?

- Klip mütləq olacaq. Mahnılarımı dinləyicilərin ixtiyarına verəcəyəm, hansı daha çox sevilsə, ilk ona klip çəkdirəcəyəm, inşallah.

- Müğənni kimi haradan qazanırsınız?

- Qazancım toylardan, şou-proqramlardan çıxır.

- Mətbuatda tez-tez depressiyaya düşməyiniz haqda yazılar gedir. Nə ilə əlaqədardır bu depressiyalar?

- Bu səhv məlumatdır. Bir dəfə depressiyaya düşdüm, o da atamla bağlı idi. Yaradıcılıq aləmində depressiyaya düşməyən insanlar öz üzərində işləməyən insanlardır.

- Sevda xanım, ailə həyatı barədə nə fikirləşirsiniz?

- Bəli, bu haqda düşünürəm. Bu il, inşallah, ailə həyatı quracağam.

- Gələcək həyat yoldaşınız sizin sənətdən getməyinizi istəsə, münasibətiniz necə olar?

- Münasibətim mənfi olar. Çünki mənim ilk sevgim sənətimdir, mənə hörmət edən sənətimi də sevib qəbul etməlidir.

- Şoppinqlə aranız necədir? Özünüzə lazım olan nəyisə dükandan sərbəst gedib ala bilirsiniz?

- Mən cəmiyyət içində özümü çox rahat hiss edirəm. Sevənlərimin mənə olan sevgisi, diqqəti məni ərköyünləşdirir, daha da xoşbəxt edir.

- Yolda yaxınlaşıb sizi sorğu-suala tuturlar? Daha çox nə ilə maraqlanırlar?

- Hə, ən çox "Sevda xanım, niyə az-az görünürsünüz? "Darıxırıq", "Tez-tez görünün" kimi sözlər deyirlər. Məni xoşbəxt edən səbəb məni ailələrinin sevməsini etiraf etmələridir. Bəlkə də, bu daha çox səmimi olmağımdan irəli gəlir.

- Sizin səmimiliyinizi və gözəlliyinizi sevənlər çoxdur...

- Təşəkkür edirəm. Mənə dostlarım deyirlər ki, düz danışmaq yaxşıdır, amma hər düzü hər yerdə demək olmaz. Amma mən beləyəm. Məncə, insanın öz xasiyyətini dəyişməsi mümkün deyil. Heç dəyişməyi də istəmirəm, belə sevirəm. Əgər məni xoşbəxt edən nəsə varsa, onu dostlarımla bölüşməyi sevirəm və yaxud hər hansı bir hadisə baş veribsə, bundan mən məyus olmuşamsa, onu da bölüşə bilirəm. Bir çoxları kimi siyasət işlədə bilmirəm. Əvvəl bu xasiyyətimə nifrət edirdim, amma zaman keçdikcə bu xasiyyətimin mənə müsbətlə qayıtdığını gördüm. Yaxşı ki, beləyəm (gülür).

- Sevda xanım, uzun illərdir, nə saç düzümünüzü dəyişmisiniz, nə də imicinizi. Dəyişilməyi sevmirsiniz?

- Düzdür, sizdən xəbərsiz hərdən saç düzümümü, imicimi dəyişirəm, amma sonradan əvvəlki görkəmimə qayıdıram. Düşünürəm ki, Türkan Şoray, Aydan Şener, Sofi Loren heç vaxt əsmərliklərindən çıxmayıblar, çünki onları başqa cür təsəvvür etmək olmur. Mən də özümü başqa saç düzümü ilə təsəvvür edə bilmirəm. Amma saçlarımı kəsdirməyi düşünürəm. Bir az bu barədə qorxağam.

- Gününüz necə keçir? Maraqlıdır?...

- Hər gün mütləq idmana gedirəm. İdman mənim həyatımdır. Bəzən elə olur ki, işlərimin çoxluğundan çatdırıb idmana getmirəm, o gün çox əsəbi, kefsiz oluram. Bundan əlavə, bir biznesim də var, onunla məşğul oluram. Studiyaya isə axşamlar gedirəm. Bu aralar yeni mahnılar üzərində işlədiyim üçün tez-tez studiyada oluram. Sonra salona, daha sonra isə evdə hazırlaşıb işə gedirəm, yəni səhnəyə (gülür).

- Nə biznesi ilə məşğulsunuz, bilmək olar?

- Bu sirdir. Balaca bir biznesdir. Söz verirəm, insallah, qismət olsa, nə vaxtsa açıqlayacağam.

- Xüsusi çalışdığınız modelyer var? Yoxsa geyim seçimində sərbəstsiniz?

- Xüsusi olaraq Syama, Zümrüdlə çalışmışam. Amma daha çox hazır paltarlara üstünlük verirəm. Səhnə, efir üçün, təbii ki, xüsusi paltarlar da olur. Adi həyatda hamı necə geyinirsə, mən də elə. Adi gündə bir yerə gedəndə makiyajdan istifadə etmirəm.

- Etiraf edəcəyiniz nəsə varmı?

- Dostum üçün də, sevdiyim üçün də eqoistəm. Birinci yerdə mən olmalıyam (gülür). Buna görə küsüb danışmadığım, dava etdiyim vaxtlar olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31