"Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində "Leyli və Məcnun" operasının konsert ifası təqdim olunub
11 Mart 2013 10:19 MədəniyyətMartın 10-da Lənkəran Dövlət Dram Teatrında "Muğam aləmi" III Beynəlxalq muğam festivalı çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifasını tamaşaçılara təqdim etmişdir.AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən "Muğam aləmi" III Beynəlxalq muğam festivalında Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, İngiltərə, Liviya, Braziliya, İspaniya, İtaliya, Almaniya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis və Misirdən dünya şöhrətli musiqiçilər və qruplar iştirak edirlər.Mərasimdə çıxış edən Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev demişdir ki, ilk dəfə olaraq festival çərçivəsində həm Bakı şəhərində, həm də respublikamızın bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, beynəlxalq muğam müsabiqəsinin, elmi simpoziumların və ustad dərslərin təşkili nəzərdə tutulmuşdur.Lənkəranlı tamaşaçılar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının konsert ifaçılarını - dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Azərbaycan Xor Kapellasının, solistlər - xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun çıxışlarını hərarətlə qarşılamışlar.