Nizami muzeyində elmi seminarın növbəti məşğələsi keçirilib

Martın 6-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi seminarın növbəti toplantısı keçirilib. Məşğələdə "Bakı milyonçusu Ağa Musa Nağıyev" mövzusunda müzakirələr aparılıb. Muzeyun əməkdaşları əvvəlcə Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri, milyonçunun nəvəsi Dilarə Nağıyeva-Muxtarovanın məruzəsini dinləmiş, məşhur Bakı milyonçusu və mesenat haqqında dəyərli məlumatlar əldə etdiblər. Ağa Musa Nağıyevin paytaxt Bakıya yaraşıq verən bir çox inzibati binaların, o cümlədən məşhur "İsmailiyyə" memarlıq abidəsinin yaranmasında xidmətləri və həmin tikililərlə bağlı maraqlı təfərrüatlar seminar iştirakçılarının diqqətinə çatdırılıb. Məruzəni milyonçunun həyat və fəaliyyətini əks etdirən fotoşəkillər və videoçarx müşayiət edib.

Seminarda həmçinin Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, "Zirvə" Ziyalılar Təşkilatının prezidenti, rəssam və yazar Minayə Dəyanət söz alaraq D.Nağıyeva-Muxtarovanın babasının şəxsiyyəti, zəhmət və mübarizələri, xeyriyyəçilik işlərinin təbliği yolundakı yorulmaz çalışmaları xüsusi qeyd  olunub. 

Mövzu ətrafında muzeyin əməkdaşları - filologiya elmləri doktoru Xatirə Bəşirli, tarix elmləri doktoru, professor Abbas Seyidov, elmi işçilər Tutu Məmmədova, Töyrəxanım Hüseynova və başqalarının da sual və çıxışları səslənib.

Tədbirin sonunda muzeyin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun yeni çapdan çıxmış kitabları milyonçunun nəvəsinə hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31