Castin Biber pərəstişkarlarını özündən çıxartdı VIDEO
6 Mart 2013 19:45 MədəniyyətKanadalı gənc müğənni Castin Biber öz pərəstişkarlarının qəzəbinə tuş gəlib. Müğənninin Londonda verdiyi konsertə planlaşdırılan vaxtdan 2 saat gec çıxması fanatları əməlli-başlı özündən çıxarıb. Konsertə gələnlər saat 20:30-dan 22:30-a kimi tərəddüd içində qalıblar - konsert zalını tərk etsinlər yoxsa bir az da gözləsinlər. İngiltərənin başqa şəhərlərindən Castin Biberin konsertinə gələnlər geri dönüş qatarlarını buraxmalı olublar. Konsert zalında göz yaşlarına boğulan yeniyetmələr də olub.
Təşkilatçılar sonradan "Twitter" sosial şəbəkəsində Castin Biberin səhnəyə gec çıxmasına görə pərəstişkarlardan üzr istəyiblər. Castin Biber özü səhnəyə hansı səbəbdən gecikdiyini açıqlamayıb.
Tənqidçilər isə 19 yaşlı kanadalı müğənninin özünü artıq öz sözünü demiş rok ulduzları kimi aparmasını mənfi hal kimi qiymətləndiriblər.