Brilliant Dadaşova: "Əsl türkcə biz danışırıq, siz dili çox dəyişdirmisiniz"
Xalq artisti bu fikirləri Türkiyədə apardığı verilişində səsləndirdi
6 Mart 2013 16:46 MədəniyyətXalq artisti Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan "Brilliantla Pırlantalı gecələr" verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi Fateh Ürək idi. ANS PRESS-in məlumatına görə, xalq artisti qonağı ilə söhbət əsnasında maraqlı fikir səsləndirib. Azərbaycan və Türkiyə türkcəsi arasında fərqdən söhbət açan Brilliant xanım, "Əsl türkcədə biz azərbaycanlılar danışırıq, siz dili çox dəyişdirmisiniz", - deyərək əsl türk dili ilə bağlı maraqlı fikir irəli sürdü. F. Ürək də Türkiyə türkcəsinin çox dəyişikliklərə məruz qaldığı ilə razılaşdığını bildirdi.
Verilişin gedişatında məlum oldu ki, sənətçilərin tanışlığı Bakıda başlayıb. Vaxtilə Fateh Ürək Brilliant xanımın "Space" telekanalında yayımlanan "Gözəllik dünyanı xilas edəcək" verilişində qonaq olub.
Qonaq müğənni verilişi şən və oynaq "Hadi, hadi" mahnısı ilə başladı. Brilliant xanım söylədi ki, bu mahnı Azərbaycanda da çox sevilir.
Yaradıcılıq planlarından danışan F.Ürək bildirdi ki, T8 telekanalındakı verilişinə fasilə verib və indi çalışdığı məkanlarda səhnəyə çıxmağa daha çox üstünlük verir.
B.Dadaşovanın "Aşiqmisən?" sualına cavab verən F. Ürək "səhnədə olarkən eşqdən uzaq olmaq lazımdır", - dedi.
Fateh Ürək çanlı yayımda Brilliant xanıma büllur qab hədiyyə etdi.
Onu da vurğulamaq yerinə düşər ki, türkdilli ölkələrdə yayımlanan veriliş kifayət qədər böyük tamaşaçı auditoriyası toplayıb. Brilliant xanım türk musiqi sevərlərin nəbzinu tuta bilib. O verilişinə türk dünyasında çox sevilən sənətçiləri dəvət edir.
Təbii ki, Brilliant xanım türk müsiqi mədəniyyətini təbliği ilə məşğul olan TMB kanalında Azərbaycan musiqisini xüsusi bir inçəliklə təbliğ edir. Brilliant xanımın Azərbaycanın musiqi səfiri missiyasını belə uğurla davam etdirməsi təqdirə layiqdir.