Nazpərinin inanmadığı İlhamənin titulları ilə bağlı açıqlama
6 Mart 2013 16:07 Mədəniyyət"İctimaiyyətə çatdırmaq istəyirik ki, Ümumdünya Sülh Federasiyasının mərkəzi qərargahı Amerika Birləşmiş Ştatlarında yerləşir. "Ümumdünya Sülh Səfiri" titulunun diplomu isə 2007-ci ildə Ümumdünya Sülh Federasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Mişi Vake tərəfindən keçmiş millət vəkili Həvva Məmmədovaya, Dünya Azərbaycanlıları Konqresinin (DAK) vitse-prezidenti Xəzər Eminə və İlhamə xanım Quliyevaya təqdim edilib. Xatırladaq ki, cənab Mişi Vake bu gün ölkəmizdə Ümumdünya Sülh Federasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov xalq artisti Nazpəri Dostəliyevanın ittihamlarına cavab verərkən deyib. Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mədəniyyət Akademiyası isə 2004-cü ildə Almaniyanın Köln şəhərində təsis olunub. Həmin Akademiyanın prezidenti Xəzər Emin seçilib, daha sonra isə Xəzər Emin DAK-ın vitse prezidenti seçilərək Mədəniyyət Akademiyasının prezidenti vəzifəsini İlhamə Quliyevaya həvalə edib.
Mətbuat katibi bildirib ki, "Vətən" mükafatı haqqında məlumatı olmayanlar varsa, bilsinlər ki, bu mükafat 1998-ci ildə bir neçə ictimai xadimə, o cümlədən İlhamə xanıma təqdim olunub: "Əlimizdə təqdim etdiyimiz bütün titulların rəsmi diplomları var".
Onun dediyinə görə, dəfələrlə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) iclaslarında Azərbaycanın bir qrup ictimai xadimləri ilə bərabər İlhamə xanım da iştirak edib. "Həmin iclaslarda nümayəndə heyəti tərəfindən ermənilərin torpaqlarımızı işğal etdiklərini dünyaya çatdırmaq üçün təbliğat aparılıb. Hətta bir dəfə İlhamə xanım spiker kürsüsündən bu mövzuda məruzə ilə çıxış edib. Həmin səfər zamanı İlhamə xanım bir neçə ictimai xadimlə bərabər BMT-nin İdarə Heyətinin fəxri üzvü seçilib. Bu haqda rəsmi sənədlər və video yazılar var".
Mətbuat katibi sonda qeyd edib ki, Nazpəri Dostəliyeva xalq artisti İlhamə Quliyevanın ünvanına söylədiyi şər və böhtanlara görə hüqüq-mühafizə orqanlarına cavab verməli olacaq: "Görünür ki, ona İlhamə xanım haqqında bu yanlış informasiyaları çatdıran suflyorun özü tamami ilə məlumatsız olub və onu cinayətə sövq eləyib. Bundan sonra İlhamə Quliyevanın ünvanına şər və böhtan xarakterli ifadələr səslənərsə, tərəfimizdən bu yazılara reaksiya verilməyəcək. Ədalətli hüquq öz sözünü deyəcək! Odur ki, İlhamə xanım onun nüfuzuna xələl gətirmək istəyən şəxslərin növbəti uğursuz cəhdlərini lazımınca cavablandırmağı hüquq-mühafizə orqanlarının öhdəsinə buraxıb. Onu da qeyd edim ki, İlhamə xanım həyatının ən sevincli günlərini yaşayır və oğlunun toy məclisinə hazırlaşır".
Qeyd edək ki, N. Dostəliyeva bir neçə gün əvvəl yaydığı açıqlamada İ. Quliyevanı özünə titullar qoymaqda ittiham etmişdi: "Daha sonra İlhamə özünün öz qeyd etdiyi kimi "Dünya sülh səfiri", "Cenevrədə BMT-nin idarə heyətinin üzvü", "Vətən mükafatı laureatı", "Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti" kimi mövcud olmayan "titullarını" sadalayır. Başa düşülən deyil. Görəsən mövcud olmayan "dünya sülh səfiri" titulunu ona kim layiq görüb, mövcud olmayan idarə heyətinə onu kim seçib və ya təyin edib, mövcud olmayan laureat adını ona kim və nə vaxt verib? O ki, qaldı "Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti" məsələsinə, bu məsələ bir dəfə də , axırıncının təqdimatı ilə məhkəmə baxışı vaxtı araşdırılıb və məlum olub ki, dünyada nə elə bir akademiya var, nə də onun prezidenti".