Azərbaycanda “Böyük çölün hekayələri”
5 Mart 2013 15:57 MədəniyyətAzərbaycan Yazıçılar Birliyində Qazaxıstan yazıçısı Berik Şaxanovun Azərbaycan dilinə tərcümə olunan "Böyük çölün hekayələri" adlı kitabının təqdimatı olub. "OLAYLAR"ın verdiyi məlumata görə, Yazıçılar Birliyinin vəsaiti hesabına nəşr olunan kitab Qaraçuxa və Elxan Zal Qaraxanlı tərəfindən tərtib olunub. Bir neçə hekayə və povestdən ibarət olan kitabda Qazaxıstan çölləri yazıçının qələmi ilə canlandırılıb. Kitabın təqdimat mərasiminə ailə üzvləri, xanımı, oğlu və nəvəsi ilə birgə qatılan yazıçı haqda ön sözü Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib: "Biz bir il öncə Qazaxıstanda olarkən Berikin ailəsi ilə tanış olduq. Qazaxıstanın çölləri, mədəniyyəti haqda dərin fikrə sahib olan yazıçının əsərlərini Azərbaycan dilinə tərcümə edərək kitab halında çap etdirməyi qərara aldıq. Qazaxıstan, bu ölkənin təbiəti, mədəniyyəti haqda öyrənmək üçün yazıçının əsərlərinə müraciət etmək kifayətdir". Daha sonra çıxış üçün söz Elxan Zal Qaraxanlıya verilib: "Biz Qazaxıstanda yazıçının 75 illiyinə dəvət almışdıq. Berik Şaxanovun bütün əsərlərini oxumuşam. Qazaxıstanda Yazıçılar İttifaqının birinci sədri olan müəllifin bütün əsərləri özünəməxsusluğu ilə seçilir". "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə çıxışında Qazaxıstan səfərindən, yazıçı ilə görüşlərindən danışıb: "Qazaxıstanda olarkən bu ölkədə yazıçı Anara qoyulan qiymət bizi çox kövrəltdi. Qazaxlar Anarı çox sevirlər". Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Fikrət Qoca da çıxışında müəllifi təbrik edərək ona müvəffəqiyyətlər arzulayıb. Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu isə Qazax ədəbiyyatından tərcümə olunan əsərlər haqda danışıb: "Bu vaxtadək Azərbaycan dilinə Qazax ədəbiyyatından seçmə əsərlər tərcümə edilib. Hazırda Azərbaycanda qazax ədəbiyyatı ilə bağlı beş dissertasiya yazılır. Qazaxıstan repressiya illərində həm də sürgün ərazisi hesab olunub. Lakin bu o demək deyil ki, onların mədəni xadimləri sürgünə məruz qalmayıb. Onlar arasında da sürgünə məruz qalanlar az olmayıb. Hazırda qazax ədəbiyyatı ilə bağlı bir kitab hazırlayıram. Bu yolla biz türkdilli xalqlar arasında yadlığı aradan qaldırmağa çalışacağıq". Şair Oqtay Rzayev də kitabda sitat gətirərək "Böyük çölün hekayələri"nin bir insanlıq əsəri olduğunu vurğulayıb: "Bu gün dünyanın müxtəlif yerlərində müharibələr gedir. Neçə-neçə atalar şəhid olur. Müharibələr körpə balaları yetim, gözüyaşlı qoyur. Bu əsər bütünlükdə dünyada baş verən müharibələrdən danışır". Tədbirdə Berik Şaxanovun oğlu da çıxış edərək ölkəmizi, İçəri Şəhəri çox bəyəndiyini, hər zaman bura gəlmək arzusunda olduğunu dilə gətirib. Müəllifin xanımı həyat yoldaşının əsərlərinin Azərbaycan dilinə tərcümə olunaraq kitab halında çıxması münasibəti ilə onu təbrik edərək tədbir haqda fikirlərini bölüşüb: "Bakıya gəlməyimizdən çox məmnunuq. Azərbaycan dilində başa düşməsəm də, sizin öz dilinizdə danışmağınızdan çox məmnun oldum". Sonda kitabın müəllifi Berik Şaxanov kitab və ölkəmiz haqda təəssüratlarını bölüşüb: "Ölkənizi çox bəyəndim. Xalqınız qonaqpərvərliyi ilə həmişə seçilir. Burda yazıçılara böyük qiymət qoyulur. Küçələrə də yazıçıların adı verilib. Bu çox gözəl hadisədir. Anarı çox bəyənirəm, onu öz müəllimim hesab edirəm. 76-cı ildə Anarın əsərlərini qazax dilinə tərcümə etmişdim. Tərcümənin uğurlu, uğursuz alınması haqda heç nə deyə bilmərəm. Bu gün burda sizlərlə görüşdüyüm üçün çox şadam".
Nigar Məhərrəm