Ağcabədidə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı
"Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirak etdikləri festival Heydər Əliyev Meydanında keçirilib.
18 Aprel 2019 11:19 Mədəniyyət"Bölgələrdən Bölgələrə" Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirak etdikləri festival Heydər Əliyev Meydanında keçirilib.
Olaylar.az bildirir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Ağcabədi, Ağdam və Laçın rayonlarının rəhbərlikləri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və minlərlə ağcabədili iştirak edib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında festivalın əhəmiyyətini qeyd edib.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda "Nəsimi ili" elan edilməsi ilə əlaqədar olaraq "Oxu" şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.
Festivalın zəngin proqramını yaddaqalan edən anlardan biri isə "Qarabağ", "Pesvebi" və "Göyçay" rəqs kollektivlərinin ifasında bir-birindən maraqlı rəqslərin nümayiş etdirilməsi olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı, "Qarabağ" şikəstəsi, "Yaşa mənim xalqım", "Qonaq gəl bizə" kimi digər mahnılar da səsləndirilib.
Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin oyma sənəti ilə bağlı olan əl işləri ziyarətçilərdə maraq doğurub. Daha sonra digər sənətkar Sərvər Abdullayev Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam "Çay Evi" və Ağdam məscidi, Hökumət Evi kimi tikililəri kibrit çöplərindən hazırlamaqla ziyarətçiləri təəccübləndirib.