Moskvada “Əmir Teymur dünyanın hakimi” kitabının təqdimatı olub

Moskvadakı "Qoqol Evi" Muzeyində tanınmış Azərbaycan yazıçısı Yunus Oğuzun "Əmir Teymur dünyanın hakimi" (rus dilində) kitabının təqdimatı olub.
"Əmir Teymur dünyanın hakimi" romanı yazıçının "Əmir Teymur" silsilə romanlarından rus dilinə tərcümə olunmuş ikinci kitabıdır. Əsəri rus dilinə Əli Səidov tərcümə edib. Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalıların, habelə ictimai təşkilatların rəhbərlərinin və Rusiya ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində Əmir Teymurun təkcə türk dünyasında deyil, Avropa və Rusiyada da böyük maraq doğuran tarixi şəxsiyyət olduğu vurğulanıb. Əsər geniş oxucu kütləsi, o cümlədən hərbi tarix və orta əsrlər tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
Türkoloq alim və tarixi romanlar müəllifi Yunus Oğuzun indiyədək "Attila" pyesi, "Nadir şah", "Təhmasib şah" və "Qədim türklər və Passionarlıq nəzəriyyəsi, L.N.Qumilyovun tədqiqatlarında", "Türkün tarixinə yeni baxış", "Qədim Anadolu və Azərbaycan türkləri" və digər kitabları nəşr ediib.
2010-cu ildə "Nadir şah", "Təhmasib şah", "Attila" və "Qədim türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında" kitabları Türkiyədə böyük tirajla çap olunub. Müəllifin "Nadir şah" romanı isə 2010-cu ildə Londonda ingilis dilində oxuculara çatdırılıb.

Qeyd edək ki, yazıçının 7 kitabı Türkiyədə Türkiyə türkcəsində çapdan çıxıb.Həmçinin Ukraynada da çap olunub. "Əmir Teymur" 2 cildliyi Özbəkistanda özbək dilinə tərcümə olunub və hazırda çapa hazırlanır. "Əmir Teymur dünyanın hakimi" kitabı Əmir Teymurun həyatının ikinci yarısından, onun Bəyazid üzərində qələbəsindən, dünyanın yarısını fəth etməsi və Teymurilər imperiyasının yaradılmasından bəhs edir.
Müəllif əsərdə məharətlə Teymurun xarakterindəki ziddiyyətləri göstərir: ağıl və qəddarlıq, sevgi və nifrət.
Romanda zəngin etnoqrafik materiallardan, XIV-XV əsr tarixi mənbələrdəki Əmir Teymur haqqında faktlardan istifadə edilib ("OLAYLAR").

FOTO "OLAYLAR"İA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31