Azərbaycanın əməkdar artisti ad gününü xəstəxanada keçirdi...

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Nübar Novruzovanın səhhətinin pisləşməsi haqqında xəbər vermişdik. Milli.Az ad günündə də aktrisanı tək buraxmadı. Əməkdaşımız və sənət dostu Naibə Allahverdiyeva Nübar xanımın müalicə aldığı xəstəxanaya baş çəkdilər.
Biz içəri daxil olanda tibb bacısı sistemi yenicə vurub qurtarmışdı. Aktrisa ilə danışıb hal-əhval tutduq. Nübar xanım nisbətən yaxşı olduğunu, amma hələ bir neçə gün də xəstəxanada qalacağını söylədi. Sənət yoldaşı, yaxın rəfiqəsi Naibə xanım içəri daxil olan kimi Nübar xanımın üzündə təbəssüm yarandı. Naibə xanım rəfiqəsini ad günündə də sözün əsl mənasında gülüşə qərq etdi. Bir anlıq da olsa, ona xəstəliyini unutdura bildi.
Teatr, sənət dostları üçün darıxdığını bildirən aktrisa ən çox da bir müddət səhnəyə çıxa bilməyəcəyinə təəssüflənir. Aktrisa ürək-damar xəstəlikləri şöbəsində müalicə alır. Tibb bacısı aktrisanın səhhətinin stabil olduğunu, hər şey yolunda getsə, bir həftəyə ambulator müalicə üçün evə buraxılacağını söylədi.

Qeyd edək ki, aktrisa Nübar Qulu qızı Novruzova 1958-ci il martın 1-da Naxçıvanda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyor heyətinə qəbul edilib. Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış edib.

Nübar Novruzova aktrisa kimi emosionallığı, sərbəstliyi, təbii oyun tərzi, coşğunluğu ilə seçilir. Bəyaz ("Azad çoban"), Leyla ("Sən nə üçün yaşayırsan?"), Yetər ("Hacı Qəmbər"), Bahar ("Ana laylası"), Leyla ("Bir sahilin adamları"), Ağgül ("Bir ailədə"), Sevinc gülü ("Aycan"), İnkubator cücəsi ("Cücələrim"), Bala Dovşan ("Çal, oyna"), Jannina ("Məzəli hadisə"), Nargilə (İ.Əfəndiyev "Sən həmişə mənimləsən") və s. obrazları yaradıb. Ailəlidir.

Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

Biz də aktrisamızın ad gününü təbrik edir, yastığının yüngül olmasını Allahdan diləyirik.

Bu günə özəl çəkilmiş fotoları sizlərə təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31