“Aktyorlar ləhcədən istifadə edir, bölgələri təhqir edirlər”
Arif Quliyev: “Ssenaristlər aktyorları qadın geyimində səhnəyə çıxmağa məcbur edir”
22 Fevral 2013 11:52 Mədəniyyət"Bu gün ölkəmizdə yaxşı ssenarist yoxdur. Ssenaristlər aktyorları qadın geyimində səhnəyə çıxmağa məcbur edir". Bu sözləri "Olaylar"a açıqlamasında Xalq artisti Arif Quliyev deyib. Xalq artisti ləhcə ilə danışan aktyorlara da münasibətini bildirib: "Mən 42 ildir ki, səhnədəyəm. Heç vaxt ləhcə ilə danışmamışam. Ləhcə ilə danışmağın da həddi var. Bu gün bir çox aktyorlar yersiz olaraq ləhcədən istifadə edir, "maa, saa" deməklə hətta bölgələri də təhqir edir. Bizim hansısa bölgənin ləhcəsinə lağ etmək haqqımız yoxdur. Ssenaristlər necə yazırsa, nə cür tələb edirsə, aktyor da o cür danışır, həmin rolu da oynayırlar. Aktyor belə həssas nüanslara diqqətlə yanaşmalı, hər deyiləni olduğu kimi etməməlidir". Arif Quliyev aktyorların səhnə danışıq tərzləri haqda fikirlərini də bölüşüb: "Nalayiq sözü də elə işlətməliyik ki, bizə baxan utanmasın. Evdə ekran qarşısında əyləşən ailə üzvləri bir-birinin yanında bizim dilimizdən bu cür sözlər eşitməsi düzgün deyil. Artist işlətdiyi sözlərə diqqət etməlidir". Xalq artistinin fikirlərinə münasibət öyrənmək üçün "Bu şəhərdə"nin ssenari müəllifi Müşfiq Abbasovla əlaqə saxladıq. Ssenarilərə münasibətdə fərqli yanaşmaların olduğunu deyən Müşfiq Abbasov aktyorun fikrini hörmətlə qarşıladığını deyib: "Arif müəllimə böyük hörmətimiz var, fikrinə də hörmətlə yanaşırıq. Bizim üçün böyük sənətkarların yanaşma tərzi önəmlidir. Mən Rafael və Coşqunu heç vaxt nəyəsə məcbur edə bilmərəm ki, sən mütləq bu rolu oynamalısan, bu cür danışmalısan. Nəyin ki, mən heç kəs onları nəyəsə məcbur edə bilməz. Onlar özləri də nəyin yaxşı, nəyin pis olduğunu bilirlər. Sadəcə, layihəmizin adı "Bu şəhərdə" adlandırıldığından aktyorlar uşaq, kişi obrazları ilə yanaşı qadın rolunu da oynamağa məcburdur. Bu janr bütün ölkələrdə də rəğbətlə qarşılanır. Nə vaxt tamaşaçı bizdən bezdiyini desə, biz o zaman çıxıb gedə bilərik". Rafael və Coşqunun hər zaman böyük sevgi ilə qarşılandığını deyən Müşfiq yalnız bu üçlüyün birgə ilkə imza atdıqlarını söyləyib: "Respublika sarayında 10 gün ardıcıl konsert vermişik. Bunu yalnız biz etmişik".