“Arşın mal alan” Çirçik şəhərində

Özbəkistan Dövlət Musiqili Komediya Teatrı Daşkənd vilayətinin Çirçik şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını təqdim edib. Anşlaqla keçən tamaşada Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Almalık şəhərindəki diasporumuzun üzvləri iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,
Özbəkistanda çox məşhur olan bu əsəri tamaşaya teatrın bədii rəhbəri və baş rejissoru Sergey Kapriyelov hazırlayıb. Baş rolları Özbəkistanın Xalq Artisti Z.Solovyova, T.Kərimov, Q.Samıkova, D.Tuxtanazarov, M.İskəndərov və digər tanınmış aktyorlar ifa ediblər.
"Arşın mal alan" ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki "Kollizey" teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və "Arşın mal alan" bu qədim şəhərdə də səhnələşdirilib. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31