Poeziyamızın gözü aydın olsun
21 Fevral 2013 14:00 Mədəniyyətİbrahim İlyaslı. Bu imza məndən ötrü çox böyük imzadır. Bu imzanın işığı israfnan yanaşsaq bir elə bəsdir. Nə mutlu halıma ki, o işıqdan mənə də pay düşür. "Biri mənə şair dedi, dondum yerimdə"(Məmməd ARAZ).
İbrahim İlyaslı ŞAİRDİR. Uca ruhumuzu ulu sözümüzlə içimizə köçürə(gətirə) bilən qosqoca bir şairdir. İbrahim İlyaslının oxucuya məlum olmayan hələ çoox qolları var. Nəqşibəndiyyə meyxanalarında çezv məqamına qalxaraq ustad aşığımız Murad Kövrəklə dostlar diyarı olan Daş Oğuz yurdu Tovuzun Əsrik dərəsində Qara zurnada "Qarlı dağlar", "Qara donnu" kimi köhnə qarapapax havalarına necə oynamağına şahidlik etmişəm. Keşkə oxucuları İbrahim İlyaslını qara saz sinəsində müstəkam olanda görələr. O, da xırd eyləyə "Dədəm Qorqud" dastanından üzü bəri şirəli dədə-baba sözümüzdən, danışığımızdan, hikmətimizdən... Yoxsa yüz de ki, İbrahimi tanıyıram... İbrahim İlyaslı ocaq adamıdır. "Pirim Hacı Əfəndi..."nin(Məmməd İLQAR)müqəddəs ocağından köz götürənlərdəndir. "İncə dərəsi"ndə qızıl qurannı, imanı kamil, adı manşır Molla Gülüstan nənənin dizinin dibindən gəlir İbrahim İlyaslı. İncə mənəvi-ruhani iqlimindən- Avdı Babanın, ipək xasiyyətli rəhmətlik dayısı ustad aşıq Kərəm İncəlinin sazından, atası İlyasoğlu Musa müəllimin, Ağamalı bəyin, Akif Səmədin... sözündən süzülüb gəlir İbrahim İlyaslı. Hər görünən qaraltıya "uğur olsun-uğur olsun" deyən mürüd Qojanı görüb İbrahim İlyaslı. Elə həmən o müqəddəsliklərdir qardaşı Hacı Məhəmmədə o böyük ruhu verən, Aşıq İlhama o ilhamı verən, İbrahim İlyaslını İbrahim İlyaslı eyləyən. İlyas müəllimlə, Molla İlqarı da yenə eləcə.
İbrahim İlyaslının şeirləri sazın imtahanından yünüllühnən keçib, saza qalxan şeirlərdir. "Saza qalxan şeirə ölüm gəlmir" - deyirdi mürşüdüm Akif Səməd. Şairin ömrü də şeirinin ömrü ilə ölçülürsə nə mutlu İbrahim İlyaslının halına. El arasında "Tur dağı kimi dur dedikcə dur" deyirlər haa. Ola ki elə budur həmin o "durmaq" da.. Bundan sonra da uca sözün keşiyində - ucalıqda yaşayaraq durmağına Tanrı yar və yardımçın olsun inşallah. Ruhumuzun qalxışması üçün Sən bizə hələ çox lazımsan...
Bu il Ibrahim İlyaslının 50 yaşı tamam olur. Mübarəkdir, arkadaş. Poeziyamızın gözü aydın olsun.
Həmid Ormanlı