Mənsum İbrahimovun Avstriya konsertində dəyişiklik oldu
20 Fevral 2013 12:08 Mədəniyyət"Qarabağ muğam qrupu ilə Avstriyanın paytaxtı Vyanada bir günlük konsert verəcəyik.. Biletlərin tez satılmasını, həmçinin muğamsevənlərin istəklərini nəzərə alıb iki gün konsert verməyi qərara aldıq. Konsertdən sonra bu ölkədə gerçəkləşdiriləcək növbəti layihələr haqda danışıqlar olacaq". Bu sözləri "Olaylar"a verdiyi açıqlamada xalq artisti Mənsum İbrahimov deyib. Üçüncü "Beynəlxalq Muğam Müsabiqəsi"nin bu gün keçiriləcək yekun gününə münsif kimi qatılan Mənsum İbrahimov qaliblərlə birgə səhnədə çıxış edəcək. Novruz bayramı ərəfəsində digər xarici ölkələrdə konsert verəcək ifaçı muğam festivalı çərçivəsində bölgələrə də səfər edəcəyini deyib: " "Leyli və Məcnun"u Lənkəran, Gəncə və digər bölgələrdə nümayiş etdirəcəyik. Xalq artisti daha sonra builki planları haqda danışıb: "İlin əvvəlindən etibarən yeni albom üzərində işləyirəm. Fransada "Leyli və Məcnun"un əlli dəqiqəlik qısa formasını təqdim etmişdik. Moskvadan dəvət olunan rejissor bu əsərə film çəkəcək. "Leyli və Məcnun"un hazırlanan audio diski, həmçinin həmin film Beynəlxalq Muğam Festivalı çərçivəsində ölkəmizə gələn qonaqlara da hədiyyə olunacaq".