Əli Mirəliyevdən şou əhlinə sərt ismarıclar - MÜSAHİBƏ

“Şou-biznes bizə lazım deyil. O, bizə ləkədir”

- Şou-biznesin bugünki durumu necədir? Səhnəyə çıxan gənc ifaçıların səsləri, musiqi biliyi qənaətbəxşdirmi? Mövzu ətrafında müsahibimiz, müğənni Əli Mirəliyevin fikirlərini öyrəndik.

-Şou-biznesin bugünki durumunu necə qiymətləndirirsiniz?

- Şou-biznes var? Camaatı aldadan biznesdir, adını da şou-biznes qoyublar. Bu sözdən acığım gəlir. Şou sirkdə olur. Elə bəzi müğənnilərin ifası da sirki xatırladır. Onlar oxuya bilmədiklərindən mənasız şou ilə məşğuldular. O, buna, bu da ona söz atıb qalmaqal yaradıb məşhurlaşırlar. Əsas fikirlər, camaatın problemləri kənarda qalır. Mən şou-biznesə xalqı aldadan qurum kimi baxıram. Səhnəyə çıxan yeni gənclərin heç birini bəyənmirəm.

-Yazılan yeni bəstələr və bəstəkarların fəaliyyəti necə, ürəkaçandırmı?

-Nailə Mirməmmədli, Aygün Səmədzadə və Xanım İsmayılqızını bəyənirəm. Xanım İsmayılqızının şeirlərini də çox sevirəm. Bu şəxslər böyük məktəb keçiblər. "Amma anan bilməsin" "Can-cana", "Ay canı yanmış" kimi mahnılar səsləndi və öldü. Bu cür mahnılar heç vaxt yaşamayacaq. Ələkbər Tağıyevin "Qonşu qız" mahnısı öldümü? Xeyr. Bu gün də həmin mahnı yaşayır. Mahnının sözləri, həm də musiqisi mənalı olmalıdır. Bu iki amil bir-birini mütləq tamamlamalıdır. Bu gün camaatı qalmaqallar, kliplər, bahalı maşınlar və soyunmaqla özlərinə cəlb edirlər.

-Ötən əsrlə müqayisədə bu gün səhnədəki müğənnilərin sayı da artıb. Bunu necə izah etmək olar? Belə demək olarmı ki, müğənni olmaq asanlaşıb.

-Müğənni olmaq asanlaşmayıb. Boş-boş şoularla efirə çıxanlar müğənni deyillər ki. Bu cür ifaçılar xalq artisti və ya əməkdar artist ola bilər, amma müğənni ola bilməz. Bu gün ona müğənni deyirlər, sabah deməyəcəklər. Hələ özlərinə qəribə adlar-siçan, pişik də qoyublar. Məgər o dövrdə müğənnilərin ləqəbləri vardı? Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Sara Qədimova kimi müğənnilər yalnız sənəti ilə məşhur olublar, heç bir ləqəbləri də olmayıb. Bu müğənnilərə kim ad qoyub? Anatolu Qəniyevin heç əməkdar artist adı da olmayıb. Oxuya bilməyənlər özlərinə ad qoyurlar. O qədər dərdimiz var. Torpaqlarımızın iyirmi faizi işğal altındadı. Bu qədər dərdin qarşısında yeni səslənən mahnılarımız da bir dərd olub. Musiqimizi çox cılızlaşdırmışıq. Pişiklərə, heyvanlara konsertlər verirlər. Bu biabırçılıqdı. Bu gün telekanallarda bu cür ifaların yayımını dayandırmaq lazımdı. Can-canalar gəldi, yan-yanalar getdi, Üzeyirlər gəldi. Bu nə cür mahnıdır? Elza bilinmir bəstəkardı, ya müğənni. Sənin nə mahnın var ki? Özün yazıb, özün ifa etməklə xalqın gözündən düşmüsən. Bundan sonra nə qədər yazsan da faydası yoxdur. Elzanın səsi yoxdur.

-Şou-biznesin durumunun ürəkaçan olmadığını dediniz. Bəs, bu cür vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Şou-biznes bu gün, ya sabah bağlanacaq. Biz bütün gücümüzü ermənilərlə savaşa sərf etməliyik. Şou-biznes bizə lazım deyil. O, bizə ləkədi. Mən Azərbaycan xalqının balasıyam. Heç kəsə qarşı qərəzli deyiləm. Pisi də, yaxşısı da mənimdi. Bu cür müğənnilərin efirə çıxmasında telekanallar da günahkardı. Nə vaxtsa "Zəngimcell"də Azər Zeynalovun və ya Akif İslamzadənin mahnısını eşitmisiz? Yox. Çünki onlara maraq yoxdu. "Zəngimcell"də də Üzeyir kimilər səslənir. Efirdə səslənən bu mahnılar Azərbaycan mahnısı deyil. Azərbaycan musiqisi hələ yüz il bundan öncə Üzeyir Hacibəyovdan başlayıb. Bugünki müğənnilərimiz həmin ənənələri davam etdirməli, o cür musiqilərə müraciət etməlidirlər. Kimsə Üzeyir Hacibəyov kimi dahi bəstəkarlarımızın musiqisinə müraciət etmirsə deməli azərbaycanlı deyil. Azərbaycan musiqisini bilmək üçün ilk növbədə adət-ənənələri, doğma dili mükəmməl bilməli, ana laylası eşitməlidir. Səməd Səmədov Azərbaycan musiqisini bilmədən necə xalq artisti olub? O, azərbaycanca danışa bilmir, ana laylasını bilmir, himnimizin kim tərəfindən yazıldığından da xəbəri yoxdur. Sonra da deyir ki, Əli Mirəliyev mənim adımı az çəkir. Tərifləsin "Şöhrət" ordeni də alım. Manana gəlib Azərbaycanda mahnı oxuyur. Amma bizimkilərdən kimsə əcnəbi ölkəyə üz tutsa onu heç səhnəyə də buraxmazlar. Bu gün oxumağı bilməyənlərin zəmanəsidir.

-İfaçılar arasında ayrıseçkilik varmı?

-Mənim bir evim var, bir dənə köhnə maşınım. Sənətdən xəbəri olmayanlara villalar, maşınlar, prezident təqaüdi verilir. Sənətkara isə yox. Verirlər hamısına versinlər, ayrıseçkilik salmasınlar. Ögey-doğmalıq salmaq lazım deyil. Niyə Akif İslamzadəyə təqaüd verilmir? Yüz il bundan sonra da belə səs tapılmayacaq. O, da 130 manat pensiya alır. Əgər müğənni 65 yaşına çatıbsa, əmək fəaliyyəti varsa ona mütləq prezident təqaüdi verilməlidir. Mən nə qədər xarici səfərlərə getmişəm. Amma mənə təqaüd verilmir. 145 manat pensiya alıram.

-Səhnəni hansı ifaçılara etibar edə bilərsiniz?

-Rübabə Muradova kimi mən də yerimi Azər Zeynalov, Teymur Əmrah, Abbas, Elton, Röya kimi istedadlı müğənnilərə vermək istəyirəm. Onlar etibarlıdı, mənim musiqimi heç bir zərər vurmazlar. Səs Allah vegisidir. Anadangəlmə o insana verilməyibsə, sonradan da verilməyəcək. Konservatoriya bitirməklə müğənni olmaq olmaz. Bizim korifey ifaçılarımız məgər konservatoriya bitiriblər? Gənc ifaçılarımız Elza İbrahimova, Emin Sabitoğlu, Oqtay Rəcəbov kimi bəstəkarları tanımırlar. Bunları mən tanıyıram. Məni Əli Mirəliyev edən də onların bəstələri olub. Yaxşı ki, mən bu gün cavan deyiləm. Yoxsa, ürəyim partlayıb ölərdim.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31