Xanım İsmayılqızı: “Albom lazımsız bir əşyadı”
18 Fevral 2013 12:11 Mədəniyyət"Müğənni Ayanla sözləri Baba Vəziroğluna, musiqisi mənə aid "Mən olacağam" adlı mahnımız işıq üzü görüb. Hazırda Ayan digər yeni mahnı üzərində də işləyirik. Digər yeni bəstələrim isə aranjeman olunur. Bu haqda hələ ki, ətraflı danışmaq istəmirəm". Bu sözləri "Olaylar"a açıqlamasında bəstəkar Xanım İsmayılqızı deyib. Xanım İsmayılqızı şeirlərindən ibarət yeni kitabını təqdim edəcəyini söyləyib: "Mən bəstəkarlıqla yanaşı, poeziya ilə də məşğulam. Şeir yazmağı daha çox sevirəm. Ötən il bir şairə kimi mənim üçün çox düşərli oldu. Bu il şeirlərimdən ibarət yeni kitabımı nəşr etdirməyi düşünürəm. Kitabın adını hələ ki, tam dəqiqləşdirməmişəm". Yaradıcılıq gecəsi haqda düşündüyünü deyən bəstəkar alboma vaxt sərf etməyəcəyini söyləyib: "Bu vaxtacan İlhamə xanım, Mətanət İsgəndərli, Səməd Səmədov, İradə İbrahimova və digər müğənnilərlə təxminən yeddi müəllif albomum işıq üzü görüb. Artıq bəstələrimdən ibarət albom hazırlamağı düşünmürəm. Mənə görə albom lazımsız bir əşyadı. Xaricdə müğənniyə və ya bəstəkara bunun müqabilində hansısa qonorar verildiyindən onlar albom buraxmaqda maraqlıdırlar. Bizdə isə albom heç satılmır da. Bir şeyin ki satışı yoxdu, nəyimə lazımdı onu suvenir kimi saxlayım?! Albomdan nəsə gəlir əldə edə bilməyəcəyəmsə, özüm də bəstələrimi suvenir kimi bir diskə yığıb istədiyim şəxsə hədiyyə edə bilərəm. Artıq internet var, hər kəs istədiyi mahnını internet vasitəsi ilə əldə edə bilir. Buna görə, albom buraxmağın heç bir mənası yoxdu".
Nigar Məhərrəm