Məmurlarımız daha məsuliyyətli olmalıdırlar

Prezidentin kəskin çıxışı onların da işinə təkan verməlidir

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış zamanı məmurlara sərt xəbərdarlığı ustad tarzən, əməkdar artist Tofiq Şahbazovun ürəyindən xəbər verib. 70 yaşlı tarzən prezidentin çıxışına münasibətini belə bildirdi:
"Ölkə başçımız hər zaman xalqın sözünü deyib, xalqın tərəfində durub, seçicilərinin etimadını doğruldub, problemlərinin həlli yollarında onlara həmişə dəstək olub. Bəzən mədəniyyət məmurlarının sənətkarlara biganəliyinin şahidi oluruq. Qəbullarına düşmək, dərdini danışmaq belə mümkün olmur. 70 yaşım olsa da hələ əməkdar artistəm. Övladlarım yaşında olan ifaçılar xalq artistidirlər. 1960-cı ildən sənətdəyəm. Filarmoniya və Dövlət Mahnı və Rəqs Ansamblının uzun illər konsertmeysteri olmuşam, Dovlət Qastrol-Konsert Birliyinin solisti kimi Azərbaycan musiqisini təblığ etmişəm. Avstriya, Belçika, İtaliya, Malta və Türkiyədə tarımla görkəmli sənətkarlar, xalq artistləri M.Maqomayev, L.İmanov, Z.Xanlarova, Ş. Ələkbərova, S.Qədimova, T.İsmayılova, İ.Quliyeva, R.Muradova, əməkdar artistlər N.Məmmədova, S.Mirzəyev, K.Rəhimli, F.İbadova, S.Zeynalov və s. ifaçıları müşayiət etmişəm. Hal-hazırda qoçalıq başımın üstünü alıb, dolanışıq şəraitim heç də yaxşı deyil. Aldığım xidməti təqaüd heç kommunal xərclərimi ödəmir. Övladlarımı evləndirə bilmirəm. Prezidentin fərdi təqaüdünə ehtiyaçım var. Səhhətimdəki problemlərlə əlaqədar olaraq çox çətin anlar yaşayıram.
  İstərdim ki, bizim mədəniyyət məmurlarımız yaşlı sənətkarlara qarşı xüsusi qayğı ilə yanaşsınlar. 70 yaşında qapıları döymək mənə yaraşmaz, özləri mənimlə maraqlanmalıdırlar. Ünvanladığım məktubları toz basmamalıdır. Prezidentimizin kəskin çıxışından sonra inanıram ki, mədəniyyət məmurlarımız insanları süründürməyəcək və müraciətlərimizə baxılaraq təsdiq üçün lazımı ünvana göndəriləcək, şəxsi münasibətlərə son qoyulaçaq və biz yaşlı sənətkarlar öz qiymətimizi alacağıq. Biz qarşıdan gələn prezident seçkilərində də ölkə prezidentimizə səs verəcəyik, onun apardığı siyasətə uyğun addımlarımızı atacağıq. Xalqın düşdüyü problemləri yaradanlar daha dərindən düşünəcək, vicdanının səsinə qulaq asıb vicdanlı şəkildə onlara tapşırılan məsələləri icra edəcəklər, süründürməçiliklərə son qoyacaqlar.
   Prezidentimizin bu çıxışı hər birimizi ruhlandırdı və biz bir daha əmin olduq ki, xalqın seçimi olan prezidentimiz hər zaman xalqladır. Xalqımız prezidentimizi sevir, dəstəkləyir və onunla birlikdə ilhamlı sabahlara addımlayır".

                                                                                

Alim Nəbioğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31