"Mənim onunla ruh yaxınlığım var" - MÜSAHİBƏ

Bəyimxanım Vəliyeva: "Bu layihədən sonra arxamızca böyük bir ordu gələcək"

Müsahibim 3 yaşından musiqiyə böyük marağı olan, Azərbaycan Dövlət Televiziyasında "Bənövşə" və "Nargilə" mahnısı ilə böyük səhnəyə qədəm qoyan Bəyimxanım Vəliyevadır. O, hansı müsabiqədə iştirak edibsə, hər zaman qələbə qazanıb. 2002-ci ildə respublika muğam müsabiqəsinin "Qran-pri" mükafatını qazandıqdan sonra xalqın sevimlisinə çevrilib. Qeyd edim ki, B.Vəliyeva "Ananın səsi", "Yeddi on yeddi", "Pöhrə-97", "İstedadlar axtarırıq", "Kainat" kimi müsabiqələrin də qalibidir.

Bu yaxınlarda Türkiyənin TRT kanalında qonaq olan muğam ifaçısı "Kaspi"nin oxucuları ilə öz təəssüratlarını bölüşdü.

- Bu günlərdə Türkiyədə "Azərinlə bir Avaz" verlişinin qonağı oldunuz...


- TRT kanalı ilə 2009-cu ildən əməkdaşlıq edirəm və onların tədbirlərinə qatılıram. İki dəfə verilişlərində iştirak etmişəm. TRT kanalı vasitəsilə dekabrın 31-də canlı yayımda Azərbaycan xalqını təbrik etdim. Mənə 20 dəqiqəlik zaman ayırmışdılar. Daha sonra ötən ay Azərin xanımın verilişinə qatıldım. Orada beş mahnı ifa etdim. Verilişi son zamanlar çox sevilən, sözləri Sona Vəliyevaya, musiqisi Ruslan Səfəroğluya məxsus "Yollara yağış yağır" mahnısı ilə açdım. Türkiyədə bizim xalq mahnılarına böyük maraq var. Türk orkestri ilə canlı olaraq "Gəl-gəl" mahnısını ifa etdim. Bu da onun göstəricisidir ki, orada bizim mahnılarımız dinlənilir və sevilir. Türkiyədə məni yaxşı qarşıladılar. Tamaşaçılar yaradıcılığıma ara verməyimlə bağlı suallar verirdilər. Əsas odur ki, mənim yaradıcılığım ilə maraqlanırdılar. Verilişdəki ifalarımın əksəriyyətini canlı ifa etmişəm. Daha sonra Azərin xanımın "Facebook" səhifəsinə mənimlə bağlı xoş sözlər yazmışdılar. Bu mənim üçün çox sevindirici haldır.

- Ümumiyyətlə, Türkiyədə Azərbaycan mahnılarına maraq hansı səviyyədədir?

- Türklərin Azərbaycan mahnılarına marağı çoxdur. Proqram efirə bağlanmamışdan öncə biz orkestr ilə bir-iki saat məşq etdik və o zaman gördüm ki, bizim mahnılarımızdan xəbərdardırlar. Türkiyə proqramlarında Azərbaycan mahnılarından ən çox "Əziz dostum", "Bağçalarda barım var", "Gəl-gəl" və başqalarını istifadə edirlər. Bu mahnıları çox bəyənirlər. Hətta bu yaxınlarda Sibel Can ölməz sənətkarımız Şövkət Ələkbərovanın ifasında dinlədiyimiz "Bir könül sındırmışam" adlı mahnını oxuyub. Bu mahnı da orada çox böyük marağa səbəb oldu.

- Türkiyə şou-biznesinə qatılmaq fikriniz varmı?

- Türkiyə şou-biznesinə qatılmaq istəmirəm, onlarla əməkdaşlıq edirəm. Hər zaman səfərə gedəndə yalnız Azərbaycan mahnılarını təbliğ edirəm. Türkiyə tamaşaçıları üçün öz mahnılarımızı ifa edirəm. Heç Azərbaycanda da şou ilə məşğul olmuram. Niyyətim odur ki, səviyyəli, ağır əsərləri tamaşaçılarımıza təqdim edim. İstər Türkiyədə, istər Azərbaycanda mahnılarımızı olduğu şəkildə təbliğ etməyə çalışıram.

- Əcnəbi müğənnilərdən kimi dinləyirsiniz?

- Gözəl musiqilərin hamısını dinləyirəm və həmin ifaçıya daha çox üstünlük verirəm. Konkret olaraq ad çəkə bilmərəm. Misal üçün, İbrahim Tatlısəs, Kibariyə və s. ifaçıları sevə-sevə dinləyirəm. Təkcə Türkiyənin sənətkarlarına deyil, zaman-zaman Avropa sənətkarlarının da ifalarına da qulaq asıram. Öncə mahnını dinləyirəm, əsəri bəyəndikdən sonra həmin müğənninin yaradıcılığı ilə maraqlanıram.

- Bildiyimizə görə "Ağ ölüm" adlı yeni bir layihə üzərində işləyirsiniz.

- Bu, möhtəşəm bir layihə olacaq. Demək olar ki, əsər tamamlanıb, indi aranjeman işləri gedir. Bir-iki gün sonra bu layihə tamaşaçılara təqdim olunacaq. Sözləri Sona xanım Vəliyevaya, musiqisi Aslan Novruza məxsusdur. Düşünürəm ki, bu layihədən sonra arxamızca böyük bir ordu gələcək. Təəssüflə qeyd etmək istəyirəm ki, hazırda ucuz şou-biznes uçurumuna doğru gedən gənclərimizin sayı günü-gündən artmaqdadır. Ona görə də istəyirik ki, bu yolu göstərməklə bir çox gəncləri uçuruma aparan yoldan daşındıraq. Bundan öncə də Sona xanımla bir çox layihələrimiz olub. Məsələn, "Ağlama, şəhid balası" adlı şəhid analarından bəhs edən bir mahnı hazırlamışdıq. Analar qürur hissi keçirməlidir ki, biz onların övladlarının sayəsində bu ölkədə yaşayırıq. Sonra "Giley" adlı mahnıya klip çəkdirdik və onu da tamaşaçılara təqdim etdik. Bu mahnının klipində gözəl süjet xətti var idi. Bu mahnının vasitəsilə dağılan ailələri birləşdirmək istədik. Burada valideynlər arasında olan konfliktdən ən çox uşaqların əziyyət çəkdiyini göstərməyə çalışmışıq. Onlar sadəcə, qayğı və diqqət istəyirlər. Bu klipdən sonra bir çox valideynlər bizə yaxınlaşıb minnətdarlıq edirdilər ki, bizim də ailəmiz uçuruma doğru gedirdi, siz bunun qarşısını aldınız. Hətta bəzilərində məsələ məhkəməyə qədər gedib çatmışdı. Çox istərdim ki, mənim insanlara bir xeyrim dəysin. Çalışıram ki, mahnılarımla insanları xeyirxahlığa, sülhə səsləyim.

- Sizin "Yollara yağış yağır" mahnınız ötən il ən çox dinlənilən və reytinq qazanan mahnı oldu. Bundan sonrakı mahnınız sizə oxşar reytinqi gətirə biləcəkmi?

- Heç zaman düşünməzdim ki, bu mahnı mənə bu qədər uğur gətirəcək. Demək olar ki, bu mahnı mənim yaradıcılığımın vizit kartı oldu. Mən bu mahnının bu qədər şöhrət qazanacağını gözləmirdim. Həmin mahnıdan sonra da çox gözəl mahnılarım oldu, ancaq heç biri bunun qədər dillər əzbəri olmadı. Bu il də bir-birindən gözəl əsərlərim olacaq. İnanıram ki, bu əsərlər də ən azı onun qədər seviləcək. Amma bunu qabaqcadan demək mümkün deyil. Çünki gözləmədiyin əsərdən gözləmədiyin bir reytinq əldə olunur. Bunu xalq özü seçir, öncədən nəyin uğur gətirib, nəyin uğursuz olacağını demək mümkün olmur. Ancaq onu deyə bilərəm ki, səviyyəli, sanballı mahnılarımla daim fəaliyyətdə olacağam.

- Uşaqlıqdan iştirak etdiyiniz bütün müsabiqələrin qalibi olmusunuz. Bu, sizdə arxayınçılıq hissi yaratmayıb ki?

- Əksinə, hər müsabiqəyə qatılıb, uğurla qayıtdıqda özümdə böyük bir məsuliyyət hiss edirəm ki, bundan da yaxşı oxumalıyam və öz üzərimdə çox çalışmalıyam. Zirvəyə qalxmaq, o səviyyəni qorumaq, xalqın sənə olan məhəbbətini, sevgisini qazanmaq çox çətindir. Düşünürəm ki, bir anın içində xalqın sevgisini itirə də bilərəm. Özümü hər zaman doğrultmağa çalışmışam. Əlimdən gələni edirəm ki, seçim zamanı mənə üstünlük verənləri öz seçimlərində yanıltmayım.

- İndi müğənnilər daha çox estradaya və yüngül janrlı mahnılara üstünlük verirlər. Siz isə daha çox ağır əsərlərə müraciət edirsiniz. Onlar kimi məşhurlaşmaq istəmirsiniz?

- Bu yolla məşhurlaşmaq istəmirəm. Son zamanlar yaradıcılığımda daha çox Sona Vəliyevaya müraciət edirəm. Çünki mənim onunla ruh yaxınlığım var. Onun yazdığı sözlərdə çox məna tapıram. Mahnını ifa edərkən əvvəlcə sözlərinə baxıb, onu özüm üçün zümzümə edirəm. Əgər mahnının sözlərini özüm duymasam, mahnı qulağa xoş gəlməsə, onu tamaşaçılara necə ifa edə bilərəm? Əgər o mahnıdan özüm nə isə mənimsəyə bilirəmsə, demək ki, tamaşaçılara da yeni bir hiss ötürə bilirəm. Adətən mahnının sözləri ilə musiqisi bir-biri ilə vəhdət təşkil etməlidir. Mənim üçün mahnıdan da əvvəl onun sözləridir. Əgər mahnının sözləri məni qane edirsə, o zaman onu repertuarıma əlavə edirəm.

- Kliplərinizin hamısı müəyyən bir süjet xətti üzərində qurulub. Növbəti klipiniz də süjet əsasında hazırlanacaq?

- Hər bir klipimdə qısaca da olsa süjet xətti var. Kliplərimdə 5 dəqiqəlik mini filmlər hazırlayıram ki, bunlar da bu gün aktual hesab olunan problemləri özündə əks etdirir. Bundan başqa, "Ağ ölüm"lə bağlı olan layihəmizdə klip əsas yerdə durur. Əsər vasitəsilə narkomaniyaya yox deyəcəyik. Bugünkü dövrdə ağ ölümlə çox rastlaşırıq, xüsusilə də gənclər arasında. Çalışacağıq ki, bu layihə ilə bu yola sürüklənən insanları geri qaytara bilək. Düşünürük ki, əgər bizim layihəmiz bu istiqamətdə olan insanların fikrində hansısa dəyişikliyə səbəb ola bilsə, az da olsa, savab işə imza atmış olacağıq. Hazırda bu əsər üzərində işləyirik. Klip çəkilib başa çatandan sonra tamaşaçılara təqdim edəcəyik. Amma tək bu kliplə kifayətlənməyəcəyik.

- Solo konsert verməyi planlaşdırırsınızmı?

- Planımda var, ancaq yeni layihələr üzərində işlədiyim üçün vaxt ayıra bilmirəm. Ya bu ilin sonu, ya da gələn ilin əvvəli üçün solo konsert verməyi planlaşdırıram. Solo konsert proqramı üçün zamana ehtiyac var. Layihəm bitdikdən sonra bu istiqamətdə çalışacağam.

- Bildiyimiz qədər, magistratura səviyyəsində təhsil alırsınız.

- Bülbül adına 11 illik orta ixtisas məktəbini, daha sonra Milli Konservatoriyanın bakalavr pilləsini bitirmişəm. Məktəbdə də, konservatoriyada da Ağaxan Abdullayevin tələbəsi olmuşam. Artıq 15 ildir ki, mən Ağaxan Abdullayevdən dərs alıram. Milli Konservatoriyanın magistr pilləsini bu il bitirəcəyəm. Çalışacam ki, magistr pilləsini də bakalavr pilləsində olduğu kimi qırmızı diplomla başa vurum.

- Cəmiyyətimizdə belə bir fikir var ki, müğənnilərin ailə həyatı adətən problemli olur. Sizinsə çox gözəl ailəniz var. Buna necə nail olmusunuz?

- İnsan əslində bir şeyi çox istəyəndə ona nail olur. Əsas odur ki, nəyisə qarşına məqsəd qoyasan. Mənim uşaqlıqdan ən böyük arzum gözəl ailəm və sevdiyim sənətimin olması idi. Bu gün də onlara nail olmuşam. Hər ikisi arasında bir tarazlıq yaranmalıdır. Hər şey insanın özündən asılıdır. Bunlar bir-birinə mane olmamalıdır. Bu gün çox şükür ki, çox gözəl ailəm, gözəl övladım var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31