Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirilib. Olaylar.az bildirir ki, ilk dəfə böyük dramaturq, filosof, maarifpərvər ziyalı Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası ilə tamaşaçıların görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olundu.

Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində qurub. Dərvişin əcinnələri hadisələrin gedişinə təsir göstərir, süjet xəttini dolğunlaşdırırlar. Amma bu dəfə əcinnələr xeyirxah missiyada çıxış edirlər.

Aparıcıların təqdimatı ilə teatr truppası səhnəyə dəvət olundu və onlar üçün ayrılmış yerlərdə əyləşdilər. Sonra Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevvə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, teatr kollektivini təbrik etdi.

Milli Akademik Dram Teatrının aktyorları Hacı İsmayılov, Əjdər Həmidov və Əli Nur, Akademik Opera Balet Teatrının solisti Gülüstan Əliyeva, Bakı Musiqili Teatrının aktyorları xalq artisti İlham Namiq Kamal və digər aktyorlar öz təbriklərini çatdırdılar. Daha sonra zaman-zaman teatrın repertuarında yer tutmuş müxtəlif tamaşalardan fraqmentlər manitor vasitəsilə göstərildi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi də öz təbrikini orijinal formada çatdırdı. Respublilanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları musiqi töhvəsini verdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31