“Buratino” yenidən Musiqili Teatrın səhnəsində

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu mövsümündə balaca teatrsevərlərin görüşünə görkəmli rus yazıçısı Aleksey Nikolayeviç Tolstoyun 1936-ci ildə qələmə aldığı "Qızıl açar və yaxud Burotinonun macəraları" povesti əsasında hazırlanan "Buratino" nağıl-tamaşası ilə gələcək.

Teatrın yaradıcı gənclərinə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Burtino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda və fərqli şəkildə təqdim olunacaq.

Gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan "Buratino"nun maraqlı süjet xətti var.

Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsil möcüzələr aləminə aparacaq.

Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31