Kinorejissor Zaur Məhərrəmovun 75-illik yubileyi

2013-cü il yanvarın 28-də tanınmış və sevimli sənətkarımız - kinorejissor, ssenarist, operator Zaur Məhərrəmovun 75 yaşı tamam olur. Ömrünü kino sənətinə həsr edən bu böyük sənətkarın həm bədii, həm də sənədli kino sahələrindəki yaradıcılığı milli kinomuzun ən parlaq səhifələrindən birini təşkil edir.
Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı aparılan kino tədqiqatlarının nəticələri olan "Mirzə Kazımbəy", "Sənsiz", "Almas İldırım", "Nurlu qəbirlər", "İstiqlal yollarında", "Dünya bir pəncərədir", "Meydan", "Əzablı yollar" filmləri, tamaşaçılarda vətənpərvərlik hissi oyatmaqla yanaşı, həm də sənədli kino inciləri sayılan əsərlərdir və müəllifin yaradıcılıq yolunun parlaq nümunələridir.
Zaur Məhərrəmov Azərbaycan kinosunda öz dəsti-xətti iə, yüksək poetik obrazlılığı ilə seçilən, böyük peşəkarlıq nümunəsi olan və kinematoqrafın bütün proseslərində aktiv iştirak edən bir sənətçi kimi tanınır.
Zaur Xasay oğlu Məhərrəmov Bakıda ziyalı ailəsində anadan olub. Öz fəaliyyətinin 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında assistent kimi başlayaraq, 1957-1963-cü illərdə Moskvanın Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil almış və institutu əla qiymətlərlə bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi fəaliyyətini davam etdirmişdir. O 16 bədii filmin quruluşçu operatoru olmuş və bu əsərlərlə Azərbaycan kinosunun operator məktəbini daha da yüksək zirvələrə qaldırmışdır.
Tamaşaçıların sevə-sevə baxdıqları "Uşaqlığın son gecəsi", "Dərviş Parisi partladır", "Ad günü", "Uzun ömrün akkordları" və s. bədii filmlərin quruluşçu operatoru Zaur Məhərrəmovdur.
80-ci illərin əvvəlindən rejissor və ssenarist kimi fəaliyyətini davam etdirərək, öz yaradıcılığını sənədli kinoya həsr edir və 1984-cü ildə "Yaddaş" studiyasını yaradaraq, həmin studiyada ölkəmizə böyük uğurlar gətirən "Bakı balkonları", "Köç", "Üzeyir Hacıbəyov", "Həbib və Gülxanım" və c. filmlərini yaratmışdır.
Onun müəllifi olduğu filmlər bir çox Beynəlxalq Festivallarda iştirak edərək mükafatlara layiq görülüb. Son olaraq, "Həbib və Gülxanım" filmi 9-cu Nyu-York Türk filmləri festivalına qatılmış və uğurla nümayiş etdirilmişdir.
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı, professor Zaur Məhərrəmov Professional Kinorejissorlar Gildiyasının üzvü olaraq milli kinematoqrafın ictimai həyatında fəal iştirak edən, hər zaman yaradıcılıq axtarışında olan, kino sənətinin bütün incəliklərinə yiyələnmiş yüksək peşəkar, öz həmkarları və dostları arasında böyük nüfuza və hörmətə malik bir sənətçidir...
Bu gün o, Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində dərs deyərək, öz bilik və bacarığını qardaş türk xalqının kinosunun inkişafına öz töhfəsini verərək Türkiyə sinemaçıları ilə Azərbaycan kinematoqrafçıları arasında ünsiyyət yaradılmasında körpü rolunu oynayır. Onun təzə çapdan çıxmış "Kino üzərində düşüncələr" kitabı isə onun kinematoqrafa olan vurğunluğunun və sədaqətinin təzahürüdir...
Hörmətli və əziz həmkarımızı 75-illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatda və sənətdə yeni-yeni uğurlar arzulayırıq.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31