Ürəyi Mürşüdü olan dostum...
Dostum Ehtiram İLHAMIN 44 yaşına təbrik üçün bir qom bənövşə əvəzi 5-3 söz
25 Yanvar 2013 14:57 MədəniyyətHəmid ORMANLI
Ehtiramı tanıyanlar təsdiq edərlər: Danışanda, danışmağa hazırlaşanda içindən uğultulu bir səs gəlir. Ehtiramın içinin səsidir. Ehtiramın içinin uğultulu səsi. Şıkkıltılı, tıkkıltılı, cingiltili yox haa. Məhz uğultulu. Dərindən gələn böyük səs anlamında uğultu deyirəm. Bəli Ehtirmın işi(təyinatı) kimi içi də böyükdür . Ço-ox böyük. Ehtiramın içinin səsi mənə kəndimizdəki səsi qulağımdan getməyən enerji generatorunu xatırladır. Ehtiramın içinin "generatoru"nun səsi gəldimi bil ki, Səni ovudacaq, ölümünə duyğulandıracaq , Sənə güc verəcək təzə bir söz deyəcək. Elə bir söz ki, o sözə hamımızın ehtiyacımız var. O, sözlərin məndə yaratdığı duyğular məni çox yetişdirib, mənə çox şeylər qandırb. Cıqqıja da irəli gedirəm, guya təkcə mənəmi? Əsla. Çoxlarına. Bütün bunlara görə sağ ol Ehtiram. Özün bilirsən ki öyrənmək Səni-məni kimi adamlara, könül sahiblərinə çox xoşdur . Nə yaxşı ki, baxtıma çıxan bir öyrətmənim də sən olmusan.
* * *
Üzr istəyirəm özümü də köçə qoşacam... Ehtiramla məni içimizdəki, la-ap qədimdən-qədim ruh birləşdirir. O, ruh ki, dəli sevda ilə bizi saza-sözə, daşa-quşa, ota-ağaca, bulaqlara, dostlara, kəndə-kəsəyə, müqəddəs dərdlərə, Qaracaoğlana, Dadaloğluna, Yunis Əmrəyə, Füzuli babamıza, Nəsimiyə, Vidadiyə, S. Vurğuna, Akif Səmədə bağlayıb. Akif Səməd demişkən -Akif Səməd deyirdi ki, Azərbaycan xalqı şair xalqdır. Ona görə yox ki, hamı şer yazır, hamı şairdir. Ona görə ki, söz xiridarlarının, sözlə nəfəs alanların sayı çoxdur. Ona görə ki, Azərbaycanda şair doğulanlar və şair boğulanların sayı çoxdur. Oxucu dost! İnan inandığımıza üzünə görə demirəm Ehtiram doğrudan-doğruya şair doğulanlardan oldu, sözə gələ bildi. Bildi də deyəndə də ki, göydə Allah olan yerdə Ehtiram nə karədir ki, özbaşına sözə gəleydi-əlahəzrət sözə. Onu gətirən gətirdi. Şükür olsun Kərəminə.
Bu yurdu bulud almasın,
Çiçəyi, gülü solmasın.
.....Vurğunun ruhu bilməsin-
Sözə gəlməkdən qorxuram.
Daha qorxma, artıq gəlibsən. Özü də böyük əxlaqla, alçaqkönüllülüklə, sözü bilə-bilə, abır -həya ilə gəlibsən. İnnən belə nə var ki? Özün deyibsən:
Vaqif tək şer yazmağa,
Vurğun olmağa nə var ki?...
Gözün varsa, gözəllikdən
İlham alamağa nə var ki?...
Şükür Allaha ki, poeziyamıza gözəl şerlər gətirən gözün də var könlün də...
Çox vaxt itihaf şerindən zəhləm gedib. Demişəm itihafdırsa içində nə olasıdır ki? Ancaq Sənin Böyük Səməd Vurğuna, qarşıdan mübarək 70 illiyi gələn, ağsaqqalımız prof Nəsir Əhmədliyə, Elçi Bəyə, mürşüdümüz Akif Səmədə, əziz adamımız Murad Köhnəqalaya, məmləkətimizdə düzü(şair demiş düzün anası ölsün) düzə çıxartmaq kimi ehtiyaclı bir sahə ilə uğraşan sevimli şair dosdumuz Elnur Astanbəyliyə, tanınmış jurnalist, təəssübkeş abimiz Akif Aşırlıya, ....yazdığın itihaf şerlərini ləzzətnən oxudum. Hətta sevindim ki, nə yaxşı ki, Sənin itihaf şerlərin çoxdur. İnanıram ki, illərdir ki, dostlar əlində əsir qalan, işıq üzünə həsrət növbəti kitabında da itihaflara geniş yer verəcəksən.
Yaxşı bilirsən ki, bizi mənsub olduğumuz eyni ruhun dili çox doğmalaşdırıb. Və əlbətdə ki, bir də mənsub olduğumuz əqidə... Əqidə və ruh dostluğu ən ali dostluqdur. Bu ayın iyirmi üçündə 44 yaşın tamam olur. Şərəflə yaşanan 44 il, ürəklə yaşanan 44 il. Mən də ürəklə yaşayanlardan olduğum üçün yaxşı bilirəm ki, bu çox çətindir. Allah köməyində dursun dərdiş.Tək arzum odur ki, Uca Yaradan yaradanın yaradılana verdiyi payda Səni və Sənin kimi ağır-abır, istedad və könül sahiblərini unutmasın. Obiri dünyamızsa hesabla lap yaxşı olmalıdır. Yəqin ki, mürşüdüm Akif Səməd o dünyada səliqə-səhman yaradıb bizi gözləyir . Bax o böyük, dadlı buluşmaya hazır olmalıyıq. Ulu Tanrı müqəddəslərimizin yanına üzü ağ, alnı açıq getməkdə yar və yardımçımız olsun. Hələlik bu qədər. Yazmaq istədiyim çox şeylər olsa da sözü uzatmaqdan qorxdum.