Turizm sərgisində işğal altında olan ərazilərimizə səfərlərin təbliğinin qarşısı alınıb
24 Yanvar 2013 16:11 MədəniyyətAzərbaycan Respublikasının Belçikadakı Səfirliyi cari ilin 24-29 yanvar tarixlərində Belçikanın Antverpen şəhərində keçiriləcək "Flandriyanın beynəlxalq tətil yarmarkası" adlı turizm sərgisində iştirak edəcək agentliklərdən birinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərlərin təşkil etdiyini aşkar etmişdir.
"Sovjet Reizen" adlı bu turizm agentliyi keçmiş sovet ölkələrinə turist səyahətlərinin təşkili ilə məşğuldur. Son bir il ərzində agentlik ölkəmizə də turist səfərlərinin təşkilini həyata keçirmişdir. Agentliyin internet səhifəsində (www.sovjetreizen.be) Ermənistana təşkil edilən səyahətlər sırasında ölkəmizin Dağlıq Qarabağ bölgəsinə də səfərlərin təşkil edildiyi əks olunmuşdu. Məsələ ilə əlaqədar agentliklə dərhal əlaqə saxlanılmış agentliyin rəhbərinə müvafiq izahedici məktub ünvanlanmışdır. Məktubda qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi və münaqişə əticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf bölgələrin işğal olunduğu, bu bölgələrin Azərbaycanın tərkib hissəsini təşkil etdiyi və BMT TŞ-da daxil olmaqla beynəlxalq ictimaiyyətin bu məsələdə tutduğu birmənalı mövqe barədə məlumat verilmiş, məsələnin beynəlxalq hüquqi tərəfləri ilə yanaşı, təhkükəsizlik baxımından işğal olunmuş bölgələrə səfər edilməsinin təhlükəli olduğu və Belçika xarici işlər nazirliyinin rəsmi internet səhifəsində bu barədə Belçika vətəndaşlarına xəbərdarlığın yerləşdirildiyi qeyd olunmuşdur. Eyni zamanda, turagentliyinin diqqətinə ölkəmizin işğal olunmuş bölgəsinə Azərbaycan hökumətinin razılığı olmadan edilən səfərlərə münasibətdə tutduğu mövqe açıqlanmış və bu səfərlər təşkil ediləcəyi təqdirdə, ölkəmizlə mövcud olan əməkdaşlığa son verilməklə yanaşı, agentliyin işçilərinin "ölkəmizə girişi arzu olunmaz şəxslər siyahısı"na daxil ediləcəyi bildirilmişdir. Agentliyin rəhbərliyi tərəfindən verilən açıqlamaya görə bu səfər münaqişə ilə bağlı onlarda olan məlumatsızlıqdan irəli gəlmişdir. Görülmüş tədbirlər nəticəsində bu təxribatçı addımın qarşısı alınmış və işğal altında olan ərazilərimizə turizm səfərlərinin təbliğinin qarşısı alınmışdır.
23 yanvar tarixində agentliyin internet səhifəsindən Dağlıq Qarabağa səfərlərlə bağlı məlumat çıxarılmış və həmin gün, Səfirliyin əməkdaşları və diaspor təşkilatlarımızın nümayəndələrinin iştirakı ilə agentliyin öncədən nəşr etdirdiyi 1000-ə yaxın broşurdan ölkəmizin bu bölgəsinə səfərlərlə bağlı məlumat yox edilmişdir.