Qənirə Paşayeva:" Nə baş verir?"
22 Yanvar 2013 10:38 Mədəniyyət"Bir Dünya İstəyirəm" layihəsi və klipinin TRT AVAZ-da xüsusi təqdimatı olub və bir həftə boyunca klipin davamlı nümayiş olunacağı elan edilib. Bu barədə millət vəkili Qənirə Paşayeva özünün facebook səhifəsində yazıb: "Türkiyənin TRT Avaz kanalında, "Stüdyo Avaz" proqramında sözləri mənə, musiqisi Əməkdar Artist Tünzalə Ağayevaya aid olan "Bir Dünya İstəyirəm" mahnısının və klipinin təqdimatı oldu. Təşəkkür edirəm TRT-ailəsinə, TRT Avaza! Strasburqdan telefonla canlı yayımda mənim bu layihə ilə bağlı fikirlərimə də geniş yer verdilər. Ən maraqlısı odur ki, veriliş zamanı aparıcı bildirdi ki, bu adi layihə və klip deyil, dünyaya, insanlığa bir çağırışdır, çox vacib və əhəmiyyətlidir və bir həftə boyunca TRT Avaz-da nümayiş olunacaq. Çox duyğulandım. Təşəkkür etdim və bir daha təşəkkür edirəm! Çünki öz kanallarımızdan layihənin və klipin təqdimatından yəni 18 yanvardan bu günə qədər cəmi bir proqramdan başqa nə belə bir proqram oldu ki çağırıb layihə və klip ətrafında danışmaq istəsinlər nə də ki, biz bir həftə boyunca onu nümayiş etdirmək istəyirik deyən televiziya kanalı... Məni sadəcə bir şey maraqlandırır. Gerçəkdənmi insanımıza bayağı kliplər sosial, bəşəri mahiyyət daşıyan kliplərdən daha xoş gəlir? Mənim fikrimcə xeyr! Bəs onda nə baş verir? Nə üçün ciddi mövzulu kliplərə televiziyalarımızda yer onlar qədər verilmir. Bu yazımda məqsəd onları bu klipi verməyə və ya tez-tez verməyə səsləmək deyil. Sadəcə bu mövzu ətrafında düşünməyə səsləməkdir...