Rəqsanə sərt bəyanat verdi: "Mən kimlə məsləhət bilsəm, Aysun onunla da..."

Ötən həftə mətbuatda Rəqsanənin qızı haqqında ilginc xəbər yayılıb. Xəbərdə deyilir: "Müğənni Rəqsanə qızı Aysunu sevgilisindən gizlətmək məqsədi ilə Moskvaya aparıb. O, həmçinin balaca qızı Yağmuru da Moskvada bağçaya qoyub. Bütün bunlara səbəb müğənninin qızını sevgilisindən ayırmaq və onu şou-biznesdə görmək arzusudur. Elə Rəqsanənin qızına təmtəraqlı ad günü törəni keçirməsi və bahalı hədiyyələr bağışlaması da Aysunun könlünü almaq məqsədi daşıyıb. Anasının bu addımı sevgilisindən heç cür ayrılmaq istəməyən Aysun tərəfindən pis qarşılanıb. Hətta buna görə ana ilə bala arasında inciklik yaşandığı da deyilir".
Milli.Az xəbər verir ki, övladının adı hallanan məlumatdan qəzəblənən sənətçinin mövqeyi sərt olub.
O, KİV-ə açıqlama verməyi zəruri bilib.
"Mən bunu reytinq xatirinə yayılan bir xəbər adlandırıram. Mən sənətçiyəm və cəmiyyətin marağını çəkdiyimdən, barəmdə yayılan hər hansı yazının mahiyyətindən, bəlkə də, bu qədər qəzəblənməzdim. Lakin xəbər həqiqəti əks etdirməyəndə lazımi tədbirimi görürəm. Mənim övladımın adının belə bir yazıda yalandan şişirdilməsi sərt açıqlama yaymağıma səbəb olub. Qəti şəkildə bildirirəm ki, heç kimin övladlarımın adını həqiqətə söykənməyən yalançı məlumatda hallandırmaq ixtiyarı yoxdur. Onlar mənim mühafizəm altındadırlar. Ayaqlarına daş dəyməsini istəmirəm. Aysuna gəlincə, o, ailə quran yaşda deyil. Yaxın gələcəyini sırf karyerası üzərində qurub. Ailə qurmaq yaşına gələndə mən kimlə məsləhət bilsəm, onunla da nikaha daxil olacaq. Bu, bizim ailə qərarımızdır.
Aysunu Moskvaya karyerasını qurmaq məqsədi ilə gətirmişəm. Bunu mətbuata dəfələrlə danışmışıq. Kiçik qızım Yağmuru da uşaq bağçasına yazdırdım. Anam yanımızdadır. Hazırda şəkər xəstəliyinə görə ayağında yaranan problemdən xəstəxanada müalicə alır. Evə buraxılandan sonra onun da nəzarəti üzərlərində olacaq", - deyən Rəqsanə xanım bildirib ki, cəmiyyət arasında qızının müğənni olacağı xəbəri də onu narahat edir.

"Bizə məxsus xəbərlərin şərhlərində oxuyuram ki, insanlar Aysunu müğənni kimi hədəfə alırlar. Qəti şəkildə bildirirəm ki, Aysunu nə müğənni, nə aktirsa kimi görmürəm. Onu ümumiyyətlə, şou-biznes üçün hazırlamıram. Modelyer olacaq. O, bəzi sənətçilərə sevə-sevə geyimlər tikir, amma bu, onun şou-biznes adamı olduğu demək deyil".

Aysun da barəsində yayılan xəbərə mövqe bildirib:

"Ana-bala nəinki bayram, ad günlərində, adi günlərdə belə hədiyyələr alırıq. Bu, bir-birimizə olan sevgidən irəli gəlir. Heç bir oğlanı anamın bir dırnağına dəyişmərəm. Anam bizə hayandır. Taleyimizi, karyeramızı düşünür. Pisi yaxşıdan ayırmağımıza yardımçıdır. Yuxarıda mahiyyəti ürək açmayan belə bir xəbər ailəmizdə xoş qarşılanmadı. Mənim ailə quran yaşım deyil. Karyeramı düşünürəm. Bunu barəmdə qaranlıq düşünən insanlar bir sərt ismarıc olsun deyə bildirirəm".

Sonda Rəqsanə xanım sərt bəyanat verdi. Dedi ki, "övladları haqqında dezinformasiya yayan hər bir kəs, əlində sübutu olmadığı təqdirdə hüquqi yolla cəzalandırılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31