Azərbaycanın xalq artisti ad gününü qeyd edir

Xalq artisti, Musiqili Komediya Teatrının aparıcı aktyoru İlham Namiq Kamal bu gün 64 yaşını qeyd edir.  "Artıq ömrümün 64-ci baharını, qışını yaşayıram. Görürsünüz ki, hava da soyuqdur, şaxtadır, ancaq arzulayıram ki, insanların qəlbi həmişə isti olaraq qalsın (gülür). Ad günümü ailəmlə birlikdə, nəvələrim, oğullarımla evdə keçirəcəyəm. Təbii ki, bu günü ailə ilə birlikdə olmağı xoşlayıram. O ki qaldı hansı rolları arzulamağıma, onu deyə bilərəm ki, indiyə kimi heç bir rolun həsrətində olmamışam. Yəni rejissorlar ilə anlaşıqlı şəkildə işbirliyimiz olub. Arzularım teatrımızın yeni binası ilə bağlıdır. Ən böyük layihəm yeni binanın "O olmasın, bu olsun" tamaşası ilə açılmasıdır. Sonra isə "Əliqulu evlənir" tamaşasını yeni quruluşda hazırlayıb, teatrsevərlərə təqdim etmək istəyirəm. Arzulayıram ki, insanların üzündən sevinc heç bir zaman əskik olmasın, daim qəlbləri gülsün, insanlar əmin-amanlıq içərisində xoşbəxt bir ömür sürsünlər", - deyə aktyor bildirib.
Milli.Az-ın məlumatına görə, aktyor Day.Az saytına açıqlamasında da bildirib ki, ad gününü təntənəli şəkildə qeyd etməyə hazırlaşmır.
"Bir çöldəki havaya baxın. Belə havada heç iti də çölə buraxmaq olmaz. Siz istəyirsiniz, bu havada arvadım məni buraxsın ki, gedim hansısa restoranda ad günü qeyd edim? Bu heç yubiley də deyil. Ona görə evdə, ailəmin əhatəsində keçirəcəm ad günümü. İsti ailə ocağından yaxşı nə ola bilər ki? Heç bir restoran və əyləncə mərkəzi bunu əvəz edə bilməz", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31