“Xurşid Banu Natəvan – 180” kataloqu nəşr olunub
9 Yanvar 2013 01:37 MədəniyyətAMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən "Xurşid Banu Natəvan - 180" kataloqu hazırlanıb. Kataloq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşid Banu Natəvanın anadan olmasının 180 illiyi ilə əlaqədar hazırlanıb. Elmi redaktoru akademik N.Vəlixanlı olan kataloq Muzeyin Etnoqrafiya elmi fondu şöbəsinin müdiri, t.ü.f.d. G.Abdulova və şöbənin əməkdaşları tərəfindən hazırlanıb. Kataloqun giriş hissəsində Natəvanın bioqrafiyası, Azərbaycan xalqı qarşısında xidmətləri əks olunub. Hazırda Muzeyin fondlarında Xurşid Banu Natəvanın həyatına dair qorunan müxtəlif materiallar ilk dəfə olaraq bu kataloqda əksini tapıb. Gözəl zövqə malik və mahir tikiş ustası olan Xurşid Banu Natəvanın əl işləri olan bir sıra tikmə və paltarlar Muzeyin inciləri sırasındadır. Kataloqda hər eksponatın fotoşəkli ilə bərabər onun inventar nömrəsi, dövrü, düzəldilmə materialı, ölçüləri göstərilir. ("OLAYLAR"İA)