Azərbaycanlı aktrisa: "Artıq neçə gündür ki, mən bu fikri Facebook-da paylaşıram"

"O, içindəki məsumluğu qoruyub saxlaya bilir"

Gənc Tamaşaçılar Teatrının aktrisası, hamının "Xoca" bədii filmindən daha da yaxından tanıdığı Nigar Bahadurqızı yeni "Köpək bürcü" serialında çəkilir. Aktrisa bu haqda Milli.Az-a danışıb:

"Sözün düzü, bu günlərdə bir çox seriallardan təklif alsam da, dəyərləndirdiyim "Köpək bürcü" serialı oldu. Onun mövzusu, ssenarisi mənə çox maraqlı gəldi. Serialda Köpək bürcü altında doğulan 4 insanın həyatından söz açılır. Bu insanların heç birinin həyatda bəxti gətirmir. Həyatda işıqlı bir yol görüb, o yol ilə getdikləri halda da hər şey gözlənilmədən məhv olur. Ssenarini oxuyanda ürəyimə yatan obraz Mehri oldu. Mehrini həyat hər bir imtahandan keçirir. Amma bütün bunlara baxmayaraq o, içindəki məsumluğu qoruyub saxlaya bilir. Həyatın bütün keşməkeşləri bu rolda cəmlənib".

Aktrisa Mehri obrazı ilə həyatda oxşarlıqlarının olduğunu da bildirdi:

"Obraz mənə həyatda çox yaxındır. Ona görə də bu rolu sevib, oynamağa qərar verdim. İnsan həyatda olduğu kimi görünməlidir. Artıq neçə gündür ki, mən bu fikri Facebook-da paylaşıram. İnsanların həyatdakı oyunundan çox bezmişəm. Onlar çox vaxt həyatda olduqları kimi görünmürlər. İnsanın içində nə varsa, onu üzə çıxarmalıdır. Məndə şəxsən belədir (gülür). İnsanlar, məncə, bir az çərçivədən çıxmalıdırlar. Heç kim mənim həyatımı yaşamır və məni mənim qədər başa düşə bilməz".

Aktrisa bununla yanaşı, "Ağabəyovlar" serialında da çəkilir.

""Xoca" filmində olan tərəf-müqabillərimin çoxu hazırda "Ağabəyovlar" serialında mənimlə birgə çəkilir. İlqar Musayev ilə biz bu serialda da sevgiliyik. İlqar ilə tərəf-müqabili olmaq mənə çox xoşdur. Tamaşaçılar bizi "Xoca" filmində bir gördüklərinə görə bəzən mənə suallar verirlər ki, siz ailəlisiniz? (gülür). Yenə də qeyd edirəm ki, İlqar mənim ən yaxın dostlarımdan biridir. İnanıram ki, bu serialdakı rolum da tamaşaçıların yaddaşında qalacaq", - deyə aktrisa bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31