Sabir Rüstəmxanlı əməliyyat olunub VIDEO
"Heç kim istəməz ki, işinin-gücünün bu vaxtında şərə qurban getsin"
8 Yanvar 2013 07:09 Mədəniyyət1 aydan artıqdır ki, Türkiyədə müalicə alan millət vəkili Sabir Rüstəmxanlı cərrahi əməliyyat olunub. Millət vəkilinin səhhətindəki problemlə Ləman Ələşrəfqızı maraqlanıb.
Hamı kimi onun üçün də bu gün təzə ilin ilk iş günüdür. Amma hamımızdan fərqli olaraq Sabir Rüstəmxanlı iş yerindən bayramla əlaqədar ayrılmamışdı. Buna xəstəliyi səbəb olmuşdu. Həkim diaqnozu ilə desək, onurğasındakı sürüşmə. "Olmasın azar Sabir müəllim, onurğa insanın əsas sütunudur, dayağıdır, onu niyə belə sarsıtdınız? - sualını belə cavablandırdı. "Oturaq işin fəsadıdır. Milli Məclisdə oturaq iş, partiyada oturaq iş, evdə masa arxası... Düşünürdüm ki, limit azalır, ömür sıxır, çox işləmək, çox yazmaq lazımdır. Qazancım bu oldu, itirdiyim isə sağlamlığım".
"Mən uzun müddət fəal olmuşam, üzmüşəm, gəzmişəm. Amma son vaxtlar bu rejim pozulduğuna görə sağlamlığımda problemlər yaramışdı. Burada olan müalicə xeyirdən çox ziyan verir. Ona görə də Türkiyədə dedilər ki, təcili əməliyyat olunmalısan. Əməliyyat olundum", - deyə S.Rüstəmxanlı bildirib.
İndi özünü xeyli gümrah hiss edir. Narahatlığı nə səhhətindəndir, nə də həyatından. Baxmayarq ki, o, Türkiyədə olarkən partiyadaşları Sabir Rüstəmxanlının təhlükəsizliyinin təmin edilməsi üçün prezidentə və daxili işlər nazirinə müraciət etmişdilər. Buna səbəb "Güney-Quzey Azərbaycan əlaqələrinin çağdaş durumu və perspektivləri" mövzusunda keçirilən konfransdan sonra İranın Xarici İşlər Nazirliyinin verdiyi nota idi. Sabir Rüstəmxanlı deyir ki, İrana bağlı qüvvələr bir dəfə ölümünə fətva veriblər, təhdidləri isə daim hiss edir: "Heç kim istəməz ki, işinin-gücünün bu vaxtında şərə qurban getsin. Allahın verdiyi bir ömür var, o ömrü yaşayıb Allahın əcəli ilə ölmək lazımdır əslində".
Bəli, ölüm hamı üçün var. Həyat isə əbədi deyil. Amma elə seçilmiş insanlar var ki, onlar əbədiyyəti qazana bilirlər. Sabir Rüstəmxanlı da belələrindəndir. Qoy Allah sizi arzularınıza yetirsin. Zənnimcə, o arzularınızdan ən birincisi 35 milyonluq Azərbaycanın əbədi sevdasıdır