Fortepiano əsərlərinin ən yaxşı ifası üzrə II respublika müsabiqəsi elan edilib
7 Yanvar 2013 18:41 MədəniyyətAzərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə II respublika müsabiqəsi elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, müsabiqə 2013-cü ilin aprel ayında Bakı şəhərində 2 yaş qrupu (I qrup - 16 yaşa qədər, II qrup - 16 yaşdan yuxarı) üzrə keçiriləcək və 3 mərhələdə aparılacaq.
Müsabiqənin məqsədi ölkədə uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və onlarda musiqi zövqünün formalaşdırılması, müasir Azərbaycan bəstəkarlarının bu sahədə yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılmasıdır.
Müsabiqədə iştirak etmək istəyənlər 2013-cü il martın 1-dək sənədlərini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər. ("OLAYLAR"İA)