Nizami Gəncəvinin mənşəyi ilə bağlı diskussiya davam edir?
7 Yanvar 2013 12:15 Mədəniyyət"Sankt-Peterburq Universitetinin Xəbərləri" jurnalının dahi azərbaycan şairi Nizami Gəncəvinin mənşəyi ilə bağlı başladığı diskussiya davam edir. AMEA mətbuat xidmətinin verdiyi məlumata görə, 2010-cu ildə jurnalın səhifələrində azərbaycanlı tədqiqatçı Cabbar Məmmədovun "Nizami Gəncəvinin vətəni və milliyyəti haqqında mübahisəli məsələlər barədə" məqaləsi çap olunub. Rusiyalı tədqiqatçı V.Qomozun 2011-ci ildə həmin jurnalda dərc etdirdiyi "Nizaminin azərbaycanlaşdırılması" başlıqlı məqaləsində qısa formada C.Məmmədovun məqaləsini təhlil edib. V.Qomoz məqaləsinin "Azərbaycanlıların etnogenezi və Zaqafqaziyanın əhalisi" adlı bölümündə azərbaycan xalqının etnogenezi məsələsinə olduqca primitiv və birtərəfli şəkildə yanaşıb. Belə ki, mənbələrə istinad etmədən müəllif XI əsrdə Qafqaz Albaniyasının əhalisi farslar və ermənilər tərəfindən assimilyasiya olması, azərbaycan etnosunun yalnız XVI əsrdə formalaşması, Azərbaycan millətinin isə yalnız SSRİ dövründə formalaşması barədə həqiqətə uyğun olmayan fikirlər irəli sürüb. Məqalənin "Nizaminin azərbaycanlışdırılması prosesi" adlı bölümündə müəllif Nizaminin yalnış sovet hakimiyyəti illərində Azərbaycan şairi olması barədə yazılmasını qeyd edir, Bu fikirləri əsaslı faktlarla təsdiqləyə bilməyən V.Qomoz "Nizaminin azərbaycanlaşdırılması" kimi elmdən uzaq ifadəni dəfələrlə işlədir. Dövrün əsas mənbələri, salnamələrinə istinad etməyən, tanınmış Azərbaycan və xarici nizamişünas alimlərin əsərləri ilə, deyəsən, heç tanış olmayan V.Qomozun məqaləsi rusiyalı alimlərin də etirazına səbəb olub. "Sankt-Peterburq Universitetinin Xəbərləri"nin həmin buraxılışında tədqiqatçı V.A.Drozdovun "Vladimir Qomozun "Nizaminin azərbaycanlaşdırılması" məqaləsinə rəy" adlı məqaləsi dərc olunub. V.Qomozun fikirlərini tutarlı faktlarla təkzib edən V.Drozdov sübut edir ki, o, Nizaminin əsl mənşəyini göstərən əsər və tədqiqatlardan ya istifadə etməyib, ya da onlarda verilən fakt və nəticələri "göstərməyi unudub". Dövrün sənədləri, həmçinin A.E.Krımski, E.E.Bertels kimi şərqşünasların əsərlərinə istinad edən V.Drozdov Nizami Gəncəvinin türkmənşəli Azərbaycan şairi olmasını bir daha vurğulayır. ("OLAYLAR"İA)