Azərbaycanın əməkdar artisti: "O həmişə övladlarının və həyat yoldaşının..."

"Bu xasiyyətləri mənə özümü xatırladır"

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynova tarixi filmə çəkilir. Aktrisa bu haqda Milli.Az-a müsahibəsində danışıb.
""Qarabağnamə" adlanan çoxseriyalı bədii filmin quruluşcu rejissorları Cavid Təvəkkül və Bəhram Osmanovdur. Adından göründüyü kimi, hadisələr Qarabağda vaqe olur. Film Qarabağ xanı Pənah xanın hakimiyyəti dövrü ilə başlayıb, İbrahim xanın hakimiyyəti dövrü ilə bitir. Mən filmdə Pənah xanın həyat yoldaşı, İbrahim xanın isə anası Cahan xanım rolunu oynayıram. Cahan xanım əsl Şərq qadınıdır, nə olursa-olsun, o həmişə övladlarının və həyat yoldaşının yanındadır. Cahan xanımın bu xasiyyəti mənə həyatda çox yaxındır. Ümumilikdə deyə bilərəm ki, bu obrazı çox sevdim. Bütün xasiyyətləri mənə özümü xatırladır.

Serialın çəkilişləri hələ yeni başlayıb. Nəyin necə alınacağını indidən demək çox tezdir. Ümumiyyətlə, mən heç vaxt öz işlərimdən danışmıram, bu haqda ancaq tamaşaçı danışa bilər. Çəkilişlər kinostudiyanın pavilyonunda və Şəkidə aparılır. May ayına kimi çəkilişlərin bitəcəyi nəzərdə tutulub. Onu da deyim ki, bu mənim çəkildiyim sayca ikinci tarixi filmdir. Belə ki, bir ay bundan öncə rejissoru Rafael Hüseynov olan "Gəncə gözəli Məhsəti" filmində çəkildim. Bu filmdə isə Məhsəti rolunu oynamışdım", - deyə aktrisa bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31