Faiq Ağayev "Vida"laşdı...

Azərbaycanın xalq artisti, məşhur estrada müğənnisi Faiq Ağayevin 5 il fasilədən sonra həyacanla gözlənilən 4 günlük solo-konsertin ilk günü baş tutdu. ANS PRESS-in məlumatına görə, xalq artistinin Heydər Əliyev Sarayının səhnəsində təqdim etdiyi "Vida" adlı konsert proqramı anşlaqla keçib. Konsertin adı və "Nöqtəni yerində qoymaq gərək" şüarı ilə anons edilməsi sənətçinin pərəstişkarları və musiqisevərlər arasında ajiotaja səbəb olduğundan, sözügedən konsert ilin sonunda ölkənin mədəni həyatında önəmli hadisə kimi qarşılandı. Lakin, Yeni il və Faiq Ağayevin ad günü ərəfəsində reallaşan "Vida", düşünüldüyümüz kimi vidalaşma mərasimi deyil, əsl bayram konserti oldu. Faiq sevərlərə müjdəmiz var, xalq artisti 25 illik səhnə fəaliyyətinə son qoymadı. Əksinə, gözlənildiyi kimi rəngarən konsert proqramı və tamaşaçılarla dolu konsert zalı ilə həmkarlarına meydan oxudu. Bəlkə də pulsuz paylanan biletlər və dəvətnamələrlə zalı dolduran həmkarlarına, "nöqtəni vaxtında qoymaq gərək" mesajı idi... Bəli, gözlənilən konsert möhtəşəmliyi ilə özünü doğrultdu. Estrada ulduzunun 25 illik səhnə fəaliyyətinə həsr etdiyi 250 min manat büdcəli solo-konserti musiqi nömrələri ilə yanaşı səhnə geyimləri və səhnə dekorasiyası ilə göz oxşadı. Rüstəm Zeynallının musiqi rəhbəri, Yaşar Baxışın bədii rəhbərliyi altında keçən 4 hissəli "Vida" konsert proqramında 24 mahnı, 3 meqamiks olmaqla 27 musiqi nömrəsi səsləndi. Xalq artisti hər çıxışında performans nümayiş etdirdi desək yanılmarıq. Xalq artisti xüsusi olaraq konsert üçün Azərbaycanın sayılıb-seçilən rəqqaslarından ibarət rəqs qrupunun təqdim etdiyi rəqslər konsertə xüsusi rəngarənglik qatırdı.
Faiq Ağayev həmkarlarına nümunə olacaq səhnə mədəniyyəti jurnalistlərlə münasibətdə də öz əksini tapdı. "Jurnalistlərin əməyini itirən rəzil olar" deyən xalq artisti, kütləvi informasiya nümayəndələrinə təqdim etdiyi biletlər konsert zalının ən yaxşı yerləri idi. Daha digər konsertlərdə olduğu kimi, jurnalistlər küncdə-bucaqda əyləşməmişdilər.
Qeyd edək ki, Faiq Ağayevin "Vida" solo-konserti 28-29-30 dekabr günlərində davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31