“Toy oliqarxları” niyə xaricdə tanınmırlar? - GÜNDƏM

"Aygün Kazımova, Brilliant Dadaşova və Röya Ayxan boş yerə pul xərcləyirlər, onsuz da onları Türkiyədə tanıyan yoxdur". Müğənni Nüşabə Ələsgərli adı yuxarıda çəkilən sənətçilərin Türkiyə şou-biznesinə qoşulmaq istəmələrini bu cür xarakterizə edib. Hər halda Nüşabə xanımın bu fikirləri birmənalı deyil. Müğənninin mətbuata verdiyi açıqlama bir sıra məqamları gündəmə gətirmək üçün katalizator rolunu oynaya bilər. Bu çərçivədə Azərbaycan şou-biznesi ətrafında çox maraqlı situasiya yaranıb. Müğənnilərimiz istər televiziya, istərsə də mətbuatın gündəminə qalmaqallarla gəlirlər. Son olaraq da bu cür gedişlərdən sonra tanınmayanlar çox dar çərçivədə populyarlıq qazanırlar. Bu məşhurluğun çevrəsi isə Azərbaycan sərhədlərinə qədər, elə manıslarımızın dili ilə ifadə etsək Biləcəriyə qədər olan məsafəni qət edir. Hətta bu gün Azərbaycan daxilində Türkiyənin, Rusiyanın, Gürcüstanın ən tanınmamış müğənniləri daha populyardır, bizimkilərin əksəriyyətini heç tanıyan da yoxdur. Çox maraqlıdır ki, türkiyəli müğənni Tarkan Bakıya konsert verməyə gələndə öz çıxışı üçün hər hansı bir sarayı, yaxud teatrı yox, Tofiq Bəhrəmov adına 35-40 minlik Respublika stadionunu sufariş verir. Tarkan heç də Bakı konsertində azərbaycanlı müğənnilərdən kiməsə dost deyib pulsuz bilet vermir. İstər populyarlığı ilə sıravi vətəndaşları belə heçə sayan Röyası, Aygünü, Bakıdan o tərəfə tanınmayan Nurası, Elzası olsun biletləri adi vətəndaşlar kimi kassalardan pulla alırlar. Tarkanı, Rafet el Romanı, Dima Bilanı və bu kimi müğənniləri Bakı səhnələrində tez-tez görməyə adət etmişik. Bəs Azərbaycan müğənnilərdən hansı belə təşəbbüslərə əl atıb, xarici ölkədə ən kiçik kafeni sifariş verib konsert proqramı ilə çıxış edib? Sözsüz ki, bu sualın tək cavabı var: "Heç biri!". Məsələ ilə bağlı müğənnilərə müraciət ünvanlasaq deyəcəklər ki: "Filan vaxtı Moskvada, İsraildə, İstanbulda konsert vermişik!" Bəs adama sual verərlər ki: "Kim üçün, kimlər gəlmişdilər!" Sualın qarşılığında "hamı" cavabını alsaq bu heç də təəccüblə qarşılanmamalıdır. Manısların dediyi "hamı" xaricdə yaşayan Azərbaycan vətəndaşlarıdır. Bəs hansı müğənni xaricə səfər edəndə həmin ölkənin KİV nümayəndələri, tərəfdarları onları aeroportda xüsusi ajiotajla qarşılayıblar? Əlbəttə ki, birmənalı şəkildə deyə bilərik ki, heç vaxt. Tanınmaqdan söz düşmüşkən yaxın müddətdə Röyanı Hollandiya polisi yol hərəkəti qaydalarını pozduğu üçün əlləri arxadan qandallanıb. Bu azmış kimi Röyalə xanım onu saxlayan holland polisə hədə-qorxu gəlib. Avropada - Hollandiya polisinə?! Adama deyərlər ki, Röyalə xanım, norveçlilər sizə Sabunçu polisi deyil axı?! Hər halda Röyaya haqq qazandırmaq olar, ona görə ki, ulduz xəstəliyinə tutulan bu silsiləyə aid olan müğənnilər hərdən xaricdə olarkən olduğu məkanın adını unudurlar. "Röya və holland polis" nümunəsi onu göstərdi ki, Azərbaycan müğənnisi respublika çərçivəsində tanınır, iş görür, qalmaqal edir və populyarlıq qazanır. Problemin getdikcə zəncirvari şəkil almasının əsas faktorlarından biri toy məsələsidir. Azərbaycan toylarından minlərlə, yüzminlərlə manat pul qazanan müğənnilər xaricdə tanınmaq üçün heç bir kiçicik cəhd belə etmirlər. Bir növ müğənnilərimiz bu məsələdə kompleksli görünürlər. Çünki, ora gedəndən sonra səhnəyə çıxarkən qarşılaşdıqları mənzərənin görüntüsü əvvəlcədən bəllidir. Kimliyindən asılı olmayaraq tanınmayan müğənninin verdiyi konsertə getmək o qədər də maraqlı olmur, fərqi yoxdur o sənətçi lap Motsartın, Hacıbəyovun simfoniyalarını səsləndirsin. Zeynəb Xanlarova, Müslüm Maqomayevdən sonra bir növ Azərbaycan müğənnilərinin populyarlığı torpaq altında basdırıldı.

Mübariz Tağıyev: "Günah müğənnilərin özündədir" 

"Məsələdə reklam amili mühüm əhəmiyyətə malikdir, çox təəssüflər olsun ki, bu yöndə müğənnilərimiz heç bir addım atmırlar. Bu günki gündə buraxılan disklərin, albomların reklamı da yoxdur. Sənətin Azərbaycan sərhədlərindən kənara çıxarması ilə məşğul olan insanlar mövcud deyil, buraxılan disklər də xarici ölkələrdə yayılmır" deyən xalq artisti Mübariz Tağıyevin sözlərinə görə bu məsələdə diasporların da günahları çoxdur, ancaq ən böyük günah müğənnilərin özündədir. Bunu sadəcə olaraq təşkil etmək lazımdır. Xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri müğənniləri həmin dövlətlərə dəvət etməli, konsertlərini təşkil etməkdə kömək etməlidirlər ki, yavaş-yavaş müğənnilərimizi tanısınlar. Sənət aləminin tək qazanc yeri toylarıdr, restoranlardır, bunun sənətlə heç bir əlaqəsi yoxdur, səhnə fəaliyyəti tam başqa bir şeydir. Müğənnilərin reklamı Azərbaycanın daxili bazarı üçün işləyir. Bunun üçün Azərbaycanda fəaliyyət göstərən "Şou-biznes Mərkəzi" yoxdur. Azərbaycan musiqisini dünyada tanıtdıran yeganə qurum "Heydər Əliyev Fondu"dur, Mədəniyyət Nazirliyinin xətti ilə də məsələni həll etmək olar. Ancaq, bu qurumların təşkil etdiyi konsertlər vaxtaşırı olan tədbirlər üçün nəzərdə tutulub. Azərbaycan müğənnilərinin sərhədlərdən kənara çıxması üçün xeyli vəsait lazımdır. Ona görə də müəyyən qurumlar məsələ ilə məşğul olmalıdırlar, inanıram ki, bu gün bu istiqamətdə müğənnilərə xərclənən vəsaitləri onlar həmin qurumlara qaytara bilərlər. Konkret olaraq bir azərbaycanlı müğənninin bu gün heç bir xarici dövlətdə reklamı aparılmır. İlk öncə Azərbaycanda "Şou-biznes Mərkəzi" yaradılmalıdır. SSRİ dönəmində Mədəniyyət Nazirliyi, Konsert Birliyində inzibatçı adamlar var idi ki, bu işlə xüsusi məşğul olurlar. İşgüzar cavanlarımız çoxdur, amma onlar məktəbsizdirlər, onlar da bir-iki adam üçün işləyirlər. Sovetlər vaxtında əgər Azərbaycana bir kollektiv gəlirdisə SSRİ-yə daxil olan ölkələrdən hər hansı bir kollektiv həmin ölkəyə gedirdi. Yəni ki, düzənli bir sistem var idi, nəticədə həmin ölkələrin müğənniləri 15 ölkədən kənara çıxırdı. Azərbaycanın Mahnı Teatrı çoxşaxəli şəkildə başqa-başqa ölkələrdə konsertlər verirdi, bu günki gün həmin sistem dağılıb, yoxdur. Bunun ən normal yolu diaspor mərkəzlərinin müğənnilərə kömək olmasıdır, həmin mərkəzlər mədəniyyətin bütün sahələri istiqamətində konsertlər təşkil etməlidirlər. Bir sıra mərkəzlər var ki, belə məsələlərdə birtərəfli işləyirlər, onların kimdən xoşları gəlirsə onların konsertlərini təşkil edirlər. Bununla problem həll olunmur, axı!..."  Məsələnin ana xətti; müğənnilər xaricdə məşhur olmaq üçün həvəsli deyil, toylar sənətçilərə sərhədləri keçməyə imkan vermir, ümumi dünyagörüşləri kifayət deyil, xarici dilləri bilmirlər, əcnəbi səhnələrə çıxmaqdan çəkinirlər, heç bir diaspor mərkəzi ilə əməkdaşlıq etmirlər, Azərbaycanda məşhurdurlar və hər yerdə populyar olduqlarına inanırlar. Müğənnilərə sərhəddən kənara çıxış yolu budur, sonuncu abzasda yazılanların əksi!...

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31