İlin son tamaşası nə olacaq? ARAŞDIRMA
25 Dekabr 2012 19:42 MədəniyyətArtıq 2012-ci ili sona vurmağımız üçün sayılı günlər qalıb. Bir sıra dövlət qurumları yekun hesabatlarını veriblər. Bununla yanaşı, Bakıda fəaliyyət göstərən teatrlar bu ilin dekabr ayı üçün sonuncu tamaşasını nümayiş etdirərək ilin yekununu tamamlamış olacaqlar. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, teatrların əksəriyyəti ilin son əsərini dekabrın 30-da səhnələşdirəcəklər. Əksər teatrlar isə yeni il şənliyi ilə bu aya əlvida deyəcəklər. SİA paytaxtımızda fəaliyyət göstərən bir sıra teatrlarımızın il sonu tamaşalarını sizlərə təqdim edir.
Akademik Opera və Balet Teatrı ilin sonunu dekabrın 30-da P.Çaykovskinin "Şelkunçik" baleti ilə axşam saat 19.00-da bağlayacaq.
Akademik Milli Dram Teatrı dekabrın 28-dən yanvarın 6-na kimi Abdulla Şaiqin "Danışan gəlincik" əsəri ilə yeni il şənliyi təşkil edəcək.
Yuğ Dövlət Teatrı artıq son tamaşasını dekabrın 22-də A.B.Kasaresin "Qəbir qazma" əsəri ilə edib.
S. Vurğun adına Rus Dram Teatrı E. E. Şmitin "Rasputnik" tamaşası ilə dekabrın 30-da axşam saat 19.00-da ilin sonuncu səhnə əsərini nümayiş etdirəcək. Rus Dram Teatrı balaca izləyicilərini də unutmayıb. Belə ki, teatrda uşaqlar üçün dekabrın 27-dən yanvarın 5-nə kimi A. Nikuşinanın "Златошвейка и Метельщик" əsəri səhnələşdiriləcək.
Azərbaycan Dövlət Pantomima Teatrı 29- 30 dekabrda axşam saat 18.00-da Nargilə Qəribova və Ceyhun Dadaşovun hazırladığı yeni "Katarsis" tamaşası ilə ilin sonuncu səhnə əsərini göstərəcəklər. Onu da qeyd edək ki, teatrda bu il 109 tamaşa oynanılıb.
Gənc Tamaşaçılar Teatrı dekabrın 27-dən yanvarın 5-nə kimi Nicat Kazımovun müəllifi olduğu "Qar qızının nağılı" tamaşası ilə balacaların hüzuruna gələcəklər. (saat 12,14,16,18.00-da)
Musiqili Komediya Teatrında dekabrın 25-dən yanvarın 10-dək Anar Məmmədovun rejissorluq etdiyi "Qış bayramı" adlı yeni il şənlikləri baş tutacaq. (saat 10.30, 12.30, 14,30, 16.30)
Azərbaycan Dövlət Kukla Teatrı isə 28-31 dekabrda R.Əlizadənin "Cırtdanın yeni il sərgüzəştləri" tamaşası ilə balacaları sevindirəcəklər.
Sonda isə hər bir azərbaycanlıya növbəti 2013 "Qara ilan" ilinə kimi xoş istirahətlər arzulayırıq.