“Mənə pislik edən adam bir həftə çəkmir ki, darmadağın olur” - MÜSAHİBƏ
25 Dekabr 2012 19:34 MədəniyyətGənc müğənni Ayan Babakişiyeva sözləri Baba Vəziroğluna, musiqisi Xanım İsmayılqızına məxsus olan "Mən olacağam" adlı mahnının klip versiyasını təqdim etməyə hazırlaşır. Ceyhun Kərimovun rejissor yozumunda ərsəyə gələcək klip 2013-cü ilin əvvəllində pərəstişkarların ixtiyarına veriləcək. Qeyd edək ki, klipdə Ayanın tərəf-müqabili əməkdar artist Ədalət Şükürovdur. Daha ətraflı Ayan özü danışacaq.
- Ayan, mahnının yaradıcı qrupunun klipdə yer alması sənin ideyandır, yoxsa, rejissorun?
- Açığı rejissor özü mənə bunu təklif etdi və mən də böyük məmnuniyyətlə razılaşdım. Amma Ədalət Şükürovun tərəf-müqabilim kimi klipdə çəkilməyini mən istədim. Ona təklif etdim, sağ olsun razılaşdı. Ədalət klipdə mənim sevdiyim kişi obrazını canlandıracaq.
- Qorxmursan ki, bu klip şayiələrə rəvac verər?
- Yox, mən buna imkan vermərəm. Çünki sənətə gələn gündən Ədalət həmişə mənə dəstək olub və bugün də dəstəkdir. O həm də bizim ailə dostumuzdur. Mənim də böyüyüm sayılır.
- Klipdə gəlin paltarı geyinirsən, bəs həyatda bu arzun nə vaxt reallaşacaq?
- Gələn il inşallah ailə quracağam.
- Namizəd var?
- Əlbəttə, sevdiyim insan var və onunla bu sevgini rəsmiləşdirmək fikrindəyik.
- Səni sənətdən uzaqlaşdırmayacaq ki?
- Yox, o, məni "ya sənət, ya mən" dilemması qarşısında qoymaz, çünki özü mənim sənətimə dəstəkdir. Onda o eqoistlik yoxdur.
- Şou əhlindən gen gəzib dolaşırsan, səbəb nədir?
- Günü-gündən irəli gedirəm və buna görə də həmkarlarım məni vurmaq istəyirlər. Təkcə bizdə yox, bütün dünya şou-biznesində bu var. İnsanın potensialı artdıqca, uğurları çoxaldıqca həmişə onu vurmağa çalışırlar. Buna görə də onlardan uzaq olmağa çalışıram.
- Daşın haradan atıldığını bilirsən?
- Əlbəttə bilirəm, həm şou-biznesdə, həm də adi həyatda ayağımın altını qazıyan çoxlu düşmənlərim var.
- Belələrinə reaksiyan necə olur?
- Heç nə. Çünki Allah məni qoruyur. Özü də mənə pislik edən adam bir həftə çəkmir, darmadağın olur.
- Mistik qüvvə var ki səndə...
- Bəli var. Məni mistik qüvvələr qoruyur. Mənə neyləmək istəsələr, özlərinə qayıdacaq.
- Bir ildə dörd klip çəkdirdin. Maşallah, bu enerjini haradan alırsan?
- Ailəmdən, dostlarımdan, məni çox istəyən insanlardan, bir də ki, oxuduğum mahnılardan.
- Çoxu gedib Türkiyədə 80-90 minə klip çəkdirir. Nə əcəb sən bu axına qoşulmursan?
- Yalan söhbətlərdir. Mən bir damcı da bu söhbətə inanmıram. Əsəbiləşirəm bu mənasız, yalan xəbərlərdən. Bu o halda olar ki, kinolentə çəkilər və gətirilib camaata göstərilə. Görürlər ki, artıq gündəmdən düşüblər, başlayırlar 80 minlik yalançı kliplərin hesabına reklam olunmağa. Borcun içində üzürlər onlar, yoxdular artıq. Mənim qardaşım Türkiyədə yaşayır, hər şeydən də yaxşı xəbərdardır. O deyir ki, türklər üçün qətiyyən bizim müğənnilər maraqlı deyil. Onlar bizim müğənniləri aldadıb, pulunu yeyirlər, sonra da qaytarırlar üstümüzə. Orada bizim müğənniləri soruşanda sual edirlər ki, o kimdir? Azəri qızı Güneldən başqa bizim müğənniləri Türkiyədə tanıyan yoxdur.
- Bir çoxları soyunmaqla da reklam olunur, amma sən həmişə örtülü geyimdə olursan?
- Bədəninin elə yerləri var ki, gizlətməlisən, çünki sirli görünməlisən. Müğənnilərimiz sirli görünmələri cəhənnəm, qüsurlarını da açıb ortaya qoyurlar ki, görün necə deffektlərim var.
- Şou-biznesdə rəfiqəlik etdiyim müğənnilər var?
- Yoxdur. Təkcə Ədalət Şükürovla dostluq edirəm, bir də Aygün Bəylərlə. Onların hər ikisi də sənətkardır və şou-biznesdə deyillər.
- Aranızı vurmağa çalışıblar?
- Bu heç vaxt mümkün ola bilməz.
- Ayan, səni şou-biznesin ən varlı müğənnilərindən biri hesab edirlər, doğrudur?
- Milyarderəm, xəbəriniz yoxdur. Ədalət Şükürov məndən də varlıdır. Heç onun adını çəkmirlər. Zarafat edirəm, mənim nə varım var? Başımı dolandırıram, bəsimdir.
- Avtomobilin hansı markadandır?
- İki avtomobilim var, normal qiymətlərə almışam.
- Arzularını bilmək maraqlı olardı?
- Ən böyük arzum ailə qurmaq və övlad sahibi olmaqdır. Bir də istəyirəm ki, böyük bir bağım olsun
- Biznes ledi olmaq fikrin var?
- Əlbəttə, yalnız müğənniliklə dolanmaq olmaz.
- Sərmayəni hansı sahəyə qoymaq istərdin?
- Biznesimiz var, amma azdır, inşallah böyüdərik. Sərmayəni hansı sahəyə qoymağımıza gəlincə, bunu açıqlamaq düzgün deyil. Çünki başqaları bu məsələdə qabağa düşə bilər.
- Burdan şou əhli arasında düşmən saydığın müğənniyə üzünü tutub nə deyərdin?
- Deyərdim ki, sənə nifrət edirəm.
- Bəs adı?
- Adını çəkməyəcəyəm, çünki ona böyük reklam olar. Mən nifrət etdiyim insanların üstündən xətt çəkirəm.
- Çox iddialısan, bəs zəif nöqtən nədir?
- Doğmalarım. Allahıma dua edirəm ki, məni onlarla imtahana çəkməsin. Çünki çətin məqamda insanın yanında doğmaları olur.