Şok: Polat Aləmdarı geridə qoyan qadın varmış
24 Dekabr 2012 13:01 MədəniyyətTürkiyədə yüksək rütbəli hərbçilərlə yanaşı, siyasətçilərin bir qisminin də mövcud iqtidara qarşı çevriliş hazırlamaqda suçlandıqları "Ergenekon" əməliyyatı ilə bağlı aparılmış istintaqın materiallarının açıqlanması davam edir. Milli.Az Hürriyet-ə istinadən bildirir ki, həmin materiallardan birinin açıqlanması "bomba partlayışı" effekti yaradıb. İstintaq materiallarında bildirilir ki, PKK terror təşkilatının lideri, hazırda İmralı adasındakı həbsxanada ömürlük cəza çəkən Abdulla Ocalanın ikinci arvadı Türkiyənin Eskişehir bölgəsində yaşayan polkovnikin qızı Meral Kıdırdır. İddianamədə o da vurğulanır ki, briqada generalı Vəli Kiçik Ocalanın arvadı Meral Kıdırla dəfələrlə görüşüb. Həmin xanım PKK-nın siyasi "qol"larından biri Kürd İnqilabçı Xalq Partiyasıın (DHP) banisi və sədridir. "Vəli Kiçik Giresun şəhərində xidmət edərkən Abdulla Ocalanla əlaqələri sıx olub. Həmin əlaqələrdə vasitəçiliyi isə Meral Kıdır edirdi. Üstəlik, Meral Kıdır PKK terrorçularına Vəli Kiçiyin çalışdığı bölgədə teraktlar və hücumlar təşkil etməmələrini tapşırmışdı", - materialda deyilir. 1978-ci ildə PKK sıralarına qatılan Meral Kıdır PKK lideri Abdulla Ocalanın ikinci arvadıdır. Öcalanın ilk arvadı isə Türkiyə Milli İstihbarat Təşkilatının zabitinin qızı Kesire Ocalandır. Meral Kıdırın Ocalana ərə getməsinin MİT-in xüsusi əməliyyatı olduğu da vurğulanır. MİT bu minvalla Ocalan barədə ən məxfi məlumatları əldə etməyə çalışırmış. PKK-nın 1982-ci ildə keçirilmiş 2-ci Konqresində Ocalanın yanında oturan Kıdır əslində agentdi. 1990-cı ildə Türkiyəyə qayıdan Kıdır PKK ilə radikal solçu təşkilatlar arasında əaqələndirici funksiyasını yerinə yetirirdi. 1994-cü ildə DHP-yə qarşı həyata keçirilmiş əməliyyatda tutulan Kıdır az sonra müəmmalı şəkildə həbsdən azad edilib.
İndi məlum olur ki, Ocalanın ikinci arvadı, PKK terror təşkilatının ən üst səviyyəsində yer almış Meral Kıdır bu illər boyu Milli İstihbarat Təşkilatında (MİT) cəmi bir neçə nəfərin agah olduğu çox məxfi əməliyyatı həyata keçirirmiş. Bu əməliyyatdan və Kıdırın gerçəkdən kim olduğundan MİT-in rəhbərliyindən savayı kimsə xəbərdar deyildi. Üstəlik, Kıdırın Eskişehirdəki atasına qızının avtomobil qəzasında həlak olduğu deyilmişdi. Kıdırın şəhər qəbristanlığında məzarı da var. Meral Kıdır PKK terror təşkilatının rəhbərliyindəki bir neçə şəxsin zərərsizləşdirilməsi, həbs və ya məhv edilməsi ilə bağlı əməliyyatlarda bilavasitə iştirak edib. PKK daxilində xüsusi "cəza" qrupu yaratmış Kıdırın bu dəstəsinə ona şəksiz tabe olan, əmrlərini dərhal yerinə yetirən və PKK içində PKK-ya qarşı işləyən adamlar daxildi.
Abdulla Ocalandan bir oğlu olan 21 yaşlı Meral Kıdır hazırda əri ilə hər hansı formada əlaqə saxlamır. Onun harada yaşadığı da bilinmir. Türkiyə mediası Meral Kıdırı "Kurtlar Vadisi"ndəki Polat Aləmdarı "geridə qoyan qadın" adlandırır.