“Ən vacibi odur ki, insanın həyat prinsipləri dəyişməz qalsın”
alə Məmmədova: “Mahnı başlayandan qurtarana kimi dayanmadan oynamışdım”
20 Dekabr 2012 19:05 MədəniyyətƏməkdar artist Lalə Məmmədova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" tamaşasında Leyli rolunu ifa edib. Artıq ikinci dəfədir ki, bu obrazla səhnəyə çıxan populyar müğənni musiqi yaradıcılığını da davam etdirir. Bu günlərdə onun fərqli üslubda "Şərab gətir, saqi!" adlı musiqi albomu işıq üzü görüb. Bakı Musiqi Akademiyasında dərs deyən sənətçi həyatının ən maraqlı məqamları və yaradıcılığı haqqında "Azadinform"a danışıb.
- Leyli kimi növbəti dəfə səhnəyə çıxdınız. Bu dəfə hansı təəssüratlarla səhnədən ayrıldınız?
- Bu dəfə bir qədər təmkinli idim. Çünki birinci dəfə səhnəyə Leyli obrazı ilə çıxmağım üçün hazırlığıma bir az zaman lazım oldu . Amma o mərhələni keçdiyim üçün ikinci çıxışım daha rahat oldu. Düzdür, bu dəfə də tamaşaya çox ciddi hazırlaşmışdım. Belə böyük bir tamaşada baş rol ifaçısı kimi çıxışımın məsuliyyətini dərk edirəm.
- Ümumiyyətlə, sizi Opera və Balet Teatrına işə dəvət etsələr gedərsiniz?
- Böyük məmnuniyyətlə.
- Opera səhnəsində başqa hansı obrazlar ifa etmək istərdiniz?
- "Əsli və Kərəm"də Əslini, "Aşıq Qərib"də Şahsənəmi, "Sevil" operasında isə Sevili.
- "Şərab gətir, saqi!" adlı 6-cı musiqi albomunuz işıq üzü gördü. Bu musiqi toplusunun özünəməxsusluğu nədir?
- İkisi istisna olmaqla bura daxil etdiyim mahnılar başqa müğənnilərin ifasında səslənsə də, bu dəfə mahnılara yanaşma tərzi tam başqadır. Retro-klassik üslubda 13 mahnının toplandığı diskdə Arif Məlikov, Tofiq Quliyev, Səid Rüstəmov, Nazim Qəmərlinsi kimi məşhur bəstəkarların ölməz əsərlərini ifa etmişəm. Hər şeydən uzaq olub, sadəcə, 40-45 dəqiqə o diskə köklənmək lazımdır ki, insan həyatdakı bütün problemlərini unutsun. "Şərab gətir, saqi!" isə Arif Məlikovun "26-lar" filmindən olan kompozisiyadır. Albomda məşhur Türk filmi "Arım, balım, pətəyim" və digər köhnə kinolardan olan mahnıları da fərqli üslubda ifa etmişəm. Bu, daha maraqlıdır, çünki artıq tamaşaçı əvvəlki formanı eşidib. Hər bir filmin musiqisi onu yaşadan, ömrünü uzadan bir amildir. Budəfəki diskimdə mənim baxışım istedadlı musqiçi Vasif Axundovun baxışına köklənib. Disk hesabat deməkdir və mən xalqım qarşısında hesabat verirəm.
- Bu yaxınlarda hansı səfərdən gəlmisiniz və növbəti səfər planlaşdırırsınızmı?
- Bilirsiniz ki, ali məktəb ocağında pedaqoq kimi çalışıram. Buna görə də ölkə xaricinə təklif olunan konsertlərin hamısını qəbul edə bilmirəm. Sonuncu dəfə Moskvada görkəmli ziyalı, türkoloq-alim Tofiq Məlikovun yubiley tədbirində olmuşdum. Yəqin ki, gələn ilin əvvəllərində təklif olunan səfərlərdən birinə razılıq verəcəm.
- Lalə xanım, hamı sizin gözəl ailənizdən danışır. Çoxları sənəti zirvədə saxlamaq üçün ailəsini, ailəni saxlamaq üçün sənəti qurban verdiyini deyir. Ümumiyyətlə, hər iki gözəlliyi eyni dərəcədə qorumağın sirri nədir?
- Məncə, insanlar arasında fikir ayrılığı varsa, buna bəhanə olaraq sənəti göstərmək olmaz. Bacardığım qədər sənətimlə ailəm arasındakı tarazılığı pozmamağa çalışıram.
- Gəlin etiraf edək ki, bir çox ailə cehizə, valideynlərin harada işləməsinə önəm verir. Ailə qurarkən nəyə daha çox önəm verilməlidir? Ümumiyyətlə, yaxşı ailəyə sahib olmaq üçün qadından nə tələb edilir?
- Xoşbəxtlik göydən enən içi dolu zənbil deyil ki, aşağıda duran iki nəfər onu gözləsin. Ailə tək qadından ibarət deyil. Əgər ailədə ər və arvad bir-birinə güzəştə getmirsə, o zaman normal ailədən söhbət gedə bilməz. Təbii ki, ailədə kişinin öz yeri, qadının öz yeri olmalıdır. Ailənin təməlinin möhkəm olması, xoşbəxt mühit yaratmaq üçün bir tərəf yox, hər iki tərəf çalışmalıdır. Əgər bir tərəfdən bir balaca axsaqlıq varsa, o zaman həmin təməl sarsılar. Qaldı ki, valideynlərin harada işləməsinə, imkanlı olması məsələsinə, nə qədər ki, var-dövlət hərisi olan insanlar var, əsrlərdən bəri davam edən bu "ənənə" yenə də davam edəcək. Təəssüf ki, təməli maddiyyata söykənən ailə dağılanda, həmin o var-dövlət köməyə gəlmir.
- Sizcə, qadınların ailə qurması üçün ideal yaş həddi neçədir?
- 25 yaşdan tez olmaz. Kişilərdə isə 30-dan sonra. Həm kişi, həm də qadın həyatı dərk etməlidir.
- Həyat yoldaşınız sizə yaradıcılığınızda və ailə həyatında nə dərəcədə kömək edir?
- Bacardığı qədər köməklik göstərir.
- Demək olar ki, sizi konsert proqramlarında, televiziya ekranlarında tez-tez görürük, yəni fəal yaradıcılığınız göz qarşısındadır. Bununla yanaşı, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olursunuz. Bunların öhdəsindən necə gəlirsiniz, çatdıra bilirsinizmi, sizə kömək edən insanlar varmı?
- Xeyr, bu işdə mənə yardımçı olan insanlar yoxdur və bu işi sevərək görürəm. Əlbəttə ki, dərs vaxtları ilə üst-üstə düşən televiziya-radio proqramlarından imtina etmək məcburiyyətində qalıram.
- Əvvəllər müəllim deyəndə adətən gözümüz qarşısına nisbətən yaşlı insanlar gələrdi. İndi isə çox sayda gənc müəllimlərə rast gəlinir. Sizcə, kiməsə nəsə öyrətmək üçün yaşın bir əhəmiyyəti varmı, yəni müəllimliklə məşğul olmaq üçün yaş həddi önəmlidirmi?
- Sözsüz ki, təcrübə zamanla yığılır və bunun sayəsində insan peşəkar olur. Savad isə yaşdan asılı deyil. Yəni əsas odur ki, təhsil alınan vaxt savadlı kadr olmaq üçün çalışılsın.
- Yaradıcı işlərinizdə məsləhətləşdiyiniz insanlar varmı? İlk dinləyiciniz kimdir?
- İlk dinləyicilərim ailə üzvlərimdir. Peşəkar musiqiçilərlə məsləhətləşirəm.
- Ev işləri ilə aranız necədir? Xörək bişirirsinizmi, bazara gedirsinizmi? Heç olubmu ki, sizi görüb tanısınlar və "Bu, Lalə Məmmədovadır" desinlər?
- Yoğun iş qrafikimlə bağlı ev işləri ilə yetərincə məşğul ola bilmirəm. Amma mətbəxi də, bazarlıq etməyi də sevirəm. Vaxt tapan kimi, mütləq dadlı təamlar hazırlayıb, evdəkiləri sevindirirəm.
- Bir çox müğənni deyir ki, bu sənətin çörəyini yeyirik, əlbəttə ki, övladımın da bu sənətdə olmasını istərdim, çoxları da deyir ki, bu sənətin çətinliklərini görmüşəm, ona görə istəmirəm. Siz necə, qızınızın və ya gələcək övladınızın da incəsəntə gəlməsini istərdinizmi?
- İstedad Allah vergisidir. Yəni bunun qarşısını istəsək də ala bilmərik. Əgər övladım doğrudan da istedadlıdırsa, mən onu yalnız dəstəkləyə bilərəm. Düzünü demək lazımdırsa, qızımın həkim olmasını istəyirəm.
- Sizin sənətə gəlməyiniz uzaq tarixə təsadüf etmir. Lakin zaman çoxmu dəyişib?
- Belə bir deyim var: "Deyəsən, zaman üçün insanlar çox maraqsızdır. Ona görə də quş kimi ötüb keçir". Əlbəttə ki, maraqlar zamanın tələbinə görə dəyişir. Ən vacibi odur ki, maraqlardan asılı olmayaraq insanın həyat prinsipləri dəyişməz qalsın.
- İlk qonorarınız yadınızdadırmı?
- O zamanlar "7-17" verilişi var idi. İlk qonorarım həmin verilişin Bakı Dövlət Sirkində keçirilən "Yeni il şənlikləri" silsilə konsertlərində olmuşdu. Qazandığım qonorarı anama vermişdim.
- İlk dəfə səhnəyə çıxdığınız günü necə xatırlayırsınız?
- Səhnəyə çıxdığım ilk günü çox yaxşı xatırlayıram. Çəkiliş vaxtı o qədər həyəcanlı idim ki, mahnı başlayandan qurtarana kimi dayanmadan oynamışdım.Mahnı pop üslubunda aranjıman olunmuşdu və çox ritmik alınmışdı. Fikrət Əmirovun "Göy-göl" mahnısı idi. (ürəkdən gülür). O vaxtlar müharibə illəri olduğundan vacib xəbərlər olan kimi musiqi verilişləri təxirə salınırdı. Hər dəfə də bütün qohumlara zəng edib deyirdim ki, məni göstərəcəklər. Amma verilişin vaxtı mütəmadi olaraq dəyişirdi. Bu, bir ay boyunca belə də davam elədi. Axırda utandığımdan heç kəsə xəbər eləmədim, elə həmin vaxt veriliş tam vaxtında efirə verildi.
- Müəllim ailəsində müğənni olmaq istəyən qız necə qarşılandı?
- Müəllim ailəsində müğənni olmaq istəyən qız inqilabçı kimi qarşılandı. Yəni təzyiqlərə məruz qaldı (gülür).
- Elə insanlar varmı ki, onlardan dərs almasanız da özünüzə müəllim hesab edirsiniz?
- Bəli. O insanlar həyatda olmasa belə, onların ifaları böyük bir məktəbdir. Hər bir dinləyici öz payına nəsə götürür.
- Bəziləri yemək-içmək, bəziləri şan-şöhrət, bəziləri pul üçün çalışır. Lalə Məmədovanın həyat amalı nədir?
- Lalə Məmmədova ifaçıdan başqa, həm də anadır. Əsas amalım övladımı cəmiyyət üçün xeyirli bir insan kimi yetişdirməkdir.
- Televiziyaya baxrısınızmı, tamaşaya, kinoya gedirsinizmi və daha çox hansı mövzulu kitablar oxuyursunuz? Sonuncu dəfə hansı kitabı oxumusunuz?
- Sevdiyim yazarlar arasında Fransuaza Saqan ruhən mənə çox yaxındır. Bu yazarın dəsti xəttini o dəqiqə seçə bilirəm. Sonuncu oxuduğum kitab onun "Balıq qanı" əsəri olub. Əsər İkinci Dünya müharibəsi dövründə Avropada yaradıcı insanların və hərbçilərin həyat tərzindən, müharibəyə olan münasibətlərindən bəhs edir. Ümumiyyətlə, bu yazıçınn əsərlərini oxumağı xüsusən xanımlara məsləhət görərdim. Nümunə kimi bir neçəsinin adını deyim ki, tapmaqda çətinlik çətməsinlər: "Soyuq suda bir az günəş işığı", "Salam kədər", "Bramsı sevirsinizmi". azadinform.az