Könül Nazimqızı: "Kişilər o qadını sevir ki…"

Saysız-hesabsız hit mahnıların söz müəllifi Könül Nazimqızının gözdən-könüldən uzaq olması bizi çox təəcübləndirdi. Əcəba ürəyi sözlə dolu olan bu şairə xanım olmaya şou-biznesdən incik düşüb, ya başında bir qeyli-qal var?

Səbəbi gəlin öz dilindən eşidək. Publika.Az-a müsahibə verən Könülün sən demə, başı qarışıqmış. Elə qarışıq-dolaşıq işlərə...
Amma xoş xəbər də var.
- Ay Könül xanım haralardasınız, olmaya şou-biznesdən incik düşmüsünüz?
- Yox vallah, heç kimdən küsməmişəm, sadəcə həyatımda bəzi dəyişikliklər oldu, bir az kənara çəkildim.
- Yəni?
- Yaxşı işlər də oldu, qanqaraldıcı işlər də. İstədim biznes-ledi olam, alınmadı. Belə deyək də, biznesdə əlim gətirmədi, daha doğrusu, mayanı batırdım. 110 min manat ziyana düşdüm. Başa düşdüm ki, biznes mənlik deyil. İndi yalnız gözəllik salonu ilə məşğulam, bir də yaradıcılıqla.
- Ailə qurmağınızla bağlı bir xəbər də eşitdik, bilmirəm nə dərəcədə doğrudur...
- Hə, bax bunu həyatımın xoş xəbəri kimi qeyd etmək olar.
- Kimdir, nəçidir, maraqdan öldük?
- Kimliyini açıqlamayacağam, amma çoxdan tanıdığım bir insandır. Uzun müddət aramızda sevgi yaşanıb, hətta ayrılıqlarla da üzləşmişik. Amma axırda birləşdik, demək istəyirəm ki, sevgimiz sınaqlardan keçib. O mənim həyatımın kişisidir.
- Sevginizi rəsmiləşdirmisiniz?
- Belə kəbinimiz var. Amma rəsmi nikah hələ yoxdur, amma o buna çox tələsir. Əslində mən çox erkən yaşımda nişanlandım və rəsmi nikahla ailə qurdum. Bununla belə o kağız bizi xoşbəxt edə bilmədi. Ayrıldıq. Qadın kimə aid olduğunu hiss etməyirsə, o sənəd-filan boş şeylərdir.
- Belə də deyirlər ki, evlilik sevgini öldürür?
- Yox əsl sevgi ruhla bağlıdır. Ehtiras üzərində qurulan evlilik zamanı sevgi tükənir. Fiziki yaxınlıqla, ruhi yaxınlıq arasında fərq çox böyükdür.
- Arada mübahisə olanda güzəştə birinci kim gedir?
- Açığı mən həmişə ailəmizdə kişi sözünün keçdiyini görmüşəm. Baxmayaraq ki, kaprizli xanımam, amma mənim üçün də kişi sözü keçərlidir. Dərhal razılaşan xanım da deyiləm. Amma söz açıldı, deyim biləsiniz ki, elə sənətdən biraz aralı düşməyimin səbəbi vardı. O nədənsə mənim bir neçə ay sənət aləmindən uzaqlaşmağımı istədi, mən də razılıq verdim.
- Olmaya, sizi sənətdən birdəfəlik uzaqlaşdırmaq niyyətindədir?
- Yox məni dilemma qarşısında qoymağını istəmədim. Yavaş-yavaş saqqızını oğurladım. Söz verib, Yeni ildə efirlərdə görünəcəyəm.
- Könül xanım bəzən insan həddən artıq xoşbəxt olanda, bu xoşbəxtliyi itirmək qorxusu yaşayır. Sizdə olur bu qorxu?
- Çox olur. Kiməsə bağlanıb məni atmağından qorxmuram ha. Sadəcə qəlb qırıqlığından qorxuram. Çünki mənim çox pis xasiyyətim var, qəlbim sındısa qurtarır. Bu adamda da bir pis xüsusiyyət var; deyir mən harda oluramsa, sən də orda olmalısan. İstəyir ki, bütün diqqətim ona yönəlsin. Başqa cür olanda aramızda dava düşür. İnşallah bir balamız olsa, hər şey dəyişər yəqin.
- Qadın olaraq gücünüz nədədir?
- Ağlımda və iradəmdə.
- Kişilər ağıllı qadını heç sevmir amma...
- Yox, sadəcə ağıllı qadından qorxurlar. Buna görə də sevilmək üçün ağıllı və iradəli olmaq lazımdır.
- Loru dillə desək, kişini əldə saxlamaq üçün sizcə qadının hansı fəndləri olmalıdır?
- Kişilər itaətkar, dərhal razılaşan qadını sevmir. Sevgi Allahın nemətidir, kimə verilirsə xoşbəxt olur. Mən həmişə demişəm; Xoşbəxtlik başa dolanan bir pərvanədir, onu tuta bildinsə, sənindir, tutmadınsa, başqası tutacaq. Mənə nə lazımdır; evim var, 450 000 dəyərində avtomobilim var, yeganə istədiyim sevgidir.
- Dolça bürcündən olduğunuzu bilirəm. Amma onu da deyirlər ki, bu bürcdə doğulan xanımlar xoşbəxt olmur.
- Mən də bunu eşitmişdim. Hətta bir neçə il bundan əvvəl sevdiyim bu insanla 3-4 aylıq ayrılıq yaşadıq. O aylar mənə illər qədər uzun gəlmişdi. Onun özünə də dedim ki, gördün, biz dolçalar şəxsi həyatda xoşbəxt olmuruq. Amma o bunu təkzib etdi, biz yenidən birləşdik. Bir məsələ də var ki, Dolça bürcündən olan xanımlar çox rəngarəng olur, sanki bir neçə qadını özlərində əks etdirrlər. Həm də qarşı cins tərəfindən çox güclü sevilirlər. Bunun özü elə xoşbəxtlikdir. publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31