"Mən Sultan, sizin ocağınızı söndürəcəm!"
Şou-biznesə meteroid gəlir
19 Dekabr 2012 16:16 MədəniyyətBakının küçələrində prodüser kimi tanıdığımız Sultan Qocayevin müğənnilik fəaliyyətinə başladığını anons edən bilbordlarını gördük. Maraq bizə güc gəldiyindən onunla əlaqə saxlayıb, nə baş verdiyini soruşduq. Müğənniliyə başlamış prodüserlə kiçik müsahibəmizdə şou-biznesə çox iddialı birinin gəldiyini anladıq. Şou-biznes əhlinə ehtiyatlı olmağı məsləhət görürük. Özünüzü qoruyun, Sultan Qocayev iddiaları, hədələri və şantajları ilə gəlir!
-Necə oldu ki, müğənnilik eşqinə düşdün?
-Zülfiyyə xanım, mənim müğənniliyə gəlməyimdə heç bir qəbahət görmürəm. Bəziləri kimi nə tibb bacılığından, nə küçə süpürməkdən, nə suvaqçılıqdan bu sənətə gəlmirəm. Prodüserlik, müğənnilik, bəstəkarlıq - bunlar hamısı şou-biznes mətbəxinə aiddir. İşlədiyim, yan-yörəmdəki, efirdəki müğənnilərə baxdım və gördüm ki, nə görkəmim, nə də ki səsim onlardan əskik deyil. Düşündüm ki, kiminsə əlindən tutub qabağa çəkməkdənsə, elə özüm oxuyaram. Açığı sizə deyim ki, kənardan çoxları mənə deyirdi ki, sənin çox gözəl siman var, efirə yaraşırsan. Sən gəl müğənni ol. Çox götür-qoy etdim, düşündüm və müğənniliyə başlamağa qərar verdim.
-Məqsəd məşhurluqdur, yoxsa pul qazanmaq?
-Məşhur olmaq, ulduz həyatı yaşamaq arzum deyil desəm, yalan olar. Mən bu sənətə sırf pul qazanmaq üçün gəlməmişəm. Şou-biznesdə 3-4 müğənni var ki, bu sənətə pul qazanmaq üçün gəlməyiblər. Sadəcə bu sənəti sevərək gəliblər. Gənclərdən Leyla Ramazanlı, Roza Zərgərlinin adını çəkə bilərəm. Bu müğənnilər nəinki pul üçün oxumurlar, onlar sənətə pul qoyurlar.
-Məqsəd pul qazanmaq deyilsə, demək istəyirsiz toylara getməyəcəksiz?
-Pul heç kimə artıqlıq etmir. Ola bilsin seçmə, böyük qonararlı toylara gedim.
-Bəs pulu haradan qazanacaqsız?
-Pul heç kimə artıqlıq etmir. Təvazökarlıqdan uzaq olsa da deyəcəm. Mənim gəlir yerim ailə biznesimizdir. Sağ olsunlar ki, mənə dəstək olurlar.
-Sultan, sən şou-biznesə gəlişinlə fərqli nə edəcəksən ki, digərlərindən seçiləsən?
-Mən Sultan, yeni sima olaraq yeni dəsti-xətt gətirəcəm bu şou-biznesə. Demirəm ki, sənətdə partlayış edəcəm, çevriliş edəcəm. Nə bilim Nyu-Yorkda klip çəkdirəcəm, maşın partladacam və sairə. Amma gəlişim səs-küylü olacaq. Şou əhlinə bir sözüm var. Bilirəm, bu sözüm qalmaqala səbəb olacaq. Külək var ki, balaca şamı söndürə bilmir. Külək də var ki, böyük bir ocağı söndürməyə qadirdi. Ey şou əhli, qulaqlarınızı açın və eşidin, mən Sultan sizin ocağınızı söndürəcəm! Amma mənim balaca şamımın aciz, zəif odunu heç kim söndürə bilməyəcək. Çünki mənim arxamda elə bir insanlar durub ki...
-Demək Azərbaycan şou-biznesinə ulduz yox, meteroid gəlir...
-Bəli, düz buyurduz, meteroid. Bütün qalmaqalları, üzə gülüb, bir-birinin dalınca danışmaları mən son qoyacam. Bu şou-biznesdə heç kim mənim qarşımı kəsə bilməz. Həm də bütün müğənnilərə qarşı dəlil-sübutlarım var. Prodüser işlədiyim dövrlərdə nələr gördüm, nələr eşitdim... Amma hər kəsə üzümü tutub demək istəyirəm ki, mənim qarşımı kəsməyə cəhd göstərməsinlər.
-Sultan, xarici görünüşünü başa düşdük, simaca gözəlsən. Amma səsini eşitməmişik. Səsini dinləyib xeyir-dua verən olub?
-Demirəm ki, 3-4 oktava səsim var. Zeynəb Xanlarova bu yaxınlarda müsahibələrinin birində "Röyanın yarım qram səsi var, amma 20 ton ürəyi." Mənim də yarım qramdan da az səsim olsa da, əsas ürəkdir və səhnədə şou göstərməklə yadda qalmaqdır. Performanslarım elə olacaq ki, hər kəsin yaddaşında qalacam, hamı şoka düşəcək. Çəkdiyim kliplərlə, fotosessiyalarla heç kimin etmədiyini edəcəm.
-Sultan, çox iddialı danışırsan. Həm də yaşına yaraşmayan iddian var.
-Bəli, mən uşağam,19 yaşım var. Bəzilərinə baxanda çox uşağam. Amma ətrafıma elə bir komanda yığmışam ki, hər müğənni bunu bacarmaz. Geyimlərimlə, çıxışlarımşa, repertuarımla ayrı-ayrılıqda insanlar məşğul olur.
-Tamaşaçılara təqdim etməyə hansısa bir işini hazırlamısan?
-Kliplərimlə və fotosessiyalarımla Zorik məşğul olur. Artıq bir klipim kinoilentə çəkilir. Bu da yenilik olacaq Azərbaycanda. Xalq artisti Zülfiyyə Xanbabayevadan sonra bunu mən edəcəm. Artıq danışmaq, mənəm-mənəm demək istəmirəm. İşlərim göz qağında olacaq.
-Qeyri-adi nə isə olacaq?
-Deyib gözlətməkdənsə, edib göstərmək daha yaxşı olar.
-Sultan, hələ müğənni kimi sözünü deməmiş artıq qalmaqal yaratmağa vaxt tapmısan. Şəxsən mənim tərəfimdən bu addımın bəyənilmədi. Bu nə məsələdi?
-Mən özüm də istəməzdim sənətə gəlişim qalmaqallı olsun. Özü də kiminlə? Elşad Xose ilə. Çünki mən nəfsinin qulu olan, sözünü tutmayan bir insana şəxsiyyət kimi baxmıram. Bu barədə artıq bütün saytlar yazıb və hələ də mənə zəng vurub nə baş verdiyini soruşurlar. Çox xahiş edirəm necə dedimsə elə yazın.Çünki çox saytlar ordan-burdan eşitdiklərini, ya da mənim sözlərimi təhrif edərək yazdılar.
Məsələ bundadır ki, Elşad Xose Oksana Rəsulovadan ayrıldıqdan sonra ona yaxın olan insanları görəndə qıcıqlanır, salam vermir, söz atır, sataşır və sairə hərəkətlər edir. Oksana ilə yaxın dost olmasam da münasibətimiz yaxşıdır. Buna baxmayaraq Elşad Xoseni öz şəxsi klubumda təşkil etdiyim partini aparmağa dəvət etmişdim. Əlbəttəki, qonarar müqabilində. Elşad Xose həmin məclisə mənim dəvətimlə gəldiyinə baxmayaraq oxuyarkən mənə söz atmağa başladı. Çünki özündə deyildi. Mən də əllərimlə qulaqlarımı tutaraq onu dinləmək istəmədiyimi nümayiş etdirdim. Mənim bu hərəkətimdən sonra Xose daha da həyasızlaşdı və tərbiyəsiz ifadələrlə məni təhqir etməyə başladı. Dözməyib onun üstünə bakal atdım. Təbii ki, o da mənim üstümə hücum çəkdi. Partidə olanlar və klubun əməkdaşları Elşad Xoseni klubdan kənarlaşdırdılar və biz gecəmizə davam etdik.
Bundan sonra bu mövzuya qayıtmaq istəmirəm və Elşad Xose ilə bağlı heç bir suala cavab vermək istəmirəm.
-Nə isə, sənə "Şou-biznes bataqlığına xoş gəldin" deməkdən başqa çarəmiz qalmadı.
-Çox sağ olun. Amma mən bu bataqlıqda batmayacam, batıracam!