Gülüstan Əliyeva: “Gənc bəstəkarlar tənbəllik edir”

Opera və Balet Teatrında "Əsli və Kərəm" tamaşası hazırlanır. Səhnə əsərində əvvəlcə baş rollardan birini Opera və Balet Teatrının solisti, Əməkdar artist Gülüstan Əliyeva ifa etməliydi. Lakin sonradan onun bu tamaşada oynamayacağı bəlli oldu. Əməkdar artist "Azadinform"a bunu səbəbini açıqladı: "Tamaşada gənclərə meydan verilməsinə qərar verildi. Mənsə repertuarda olan tamaşaları ifa edirəm".
G.Əliyeva Opera və Balet Teatrında yeni opera tamaşalarının olmadığından da şikayətləndi: "Yeni opera tamaşalarına ehtiyac var. Çox təəssüflər olsun ki, opera yazan bəstəkarlar yoxdur. Sonuncu dəfə 2004-cü ildə Vasif Adıgözəlovun "Natəvan" operası səhnələşdirilib". Əməkdar artist opera əsəri yazmağın çətin olduğunu da əlavə edib. G.Əliyevanın sözlərinə görə, gənc bəstəkarlar daha çox populyar musiqi əsərlərinə üstünlük verirlər: "Opera irihəcmli əsərdir, opera yazan bəstəkar muğamlarımızı, bu əsərin beyni, librettosu, başlanğıcı, sonunu gözəl bilməlidir. Lakin bəstəkarlıqda oxuyan gənclər tənbəldirlər, biliklərin dərinliyinə girmirlər, özlərini çətinliyə salmırlar. Bakı Musiqi Akademiyası və Milli Konservatoriyanın tədris mərkəzlərində muğamdan tutmuş, səhnə işi, rejissorluğa qədər opera yazmaq üçün tələb edilən hər bir məqam tədris edilir. Ancaq təməl təhsil ocağında qoyulsa da, bunları inkişaf etdirmək lazımdır".
Müğənni maliyyə baxımından da gənclərin geri çəkildiyini istisna etmir: "Ola bilər ki, maliyyə baxımından geri çəkilirlər. Amma işini, sənətini sevən insan maliyyə haqqında düşünmür. Bəlkə indi sinif otaqlarında gələcəyin gözəl opera yazan bəstəkarları yetişir".

G.Əliyeva Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin 2007-ci ildə premyerası keçirilən "İntizar" operasının sonradan Opera və Balet Teatrında oynanılmamasının səbəblərindən də danışdı: "Firəngiz xanım yenilikçi bəstəkardır, onun hər bir əsəri gözəldir. Sadəcə olaraq teatrın texniki imkanları onun yazdığı formada oynanılmasına imkan vermir. "İntizar"ı Heydər Əliyev Sarayında izlədik və gördük ki, tamaşanın nümayiş etdirilməsi üçün səhnənin texniki imkanlarından tutmuş işıq effektlərinə kimi maliyyə vəsaiti tələb edən çox şeylər lazımdır. Opera və Balet Teatrında bunları etmək çətindir. Lakin teatrın binası təmir edildikdən sonra əminəm ki, istənilən yüksək səviyyəli tamaşalar təqdim ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31