Hacı adını ucuz tutanların dəyərsizliyi - ŞƏRH

Həccə hazır olmanın minimumları müəyyən olunmalı, bu barədə sertifikat verilməlidir

                                                                                                                                                                                                    Hafiz Mirzə                                                                                                                   

                                                                                                www.hafizmirza.com

Azərbaycanda gündəmi qeyri-ciddi olan hər cür məlumatla məşqul etmək mümkündür. Kim ərə gedir, kim boşanır, kim doğacaq, kimin iti evlənir, kimi də məhz itlər üçün konsert verəcək. TV-lər və bəzi qəzetlər bu cür geydirmə mövzulara elə şövqlə girişir ki, sanki bunu etməsə Vətən torpaqları əldən gedəcək. Bir çoxları sifarişsiz heç nə yaza bilmir, çünki özünün mövqeyi yoxdur. Bir çoxları isə mövzu qıtlığından şikayət edir. Halbuki internetə girərək  və bizim tele-kanallara baxaraq "n" qəədər mövzu tapmaq mümkündür. Gündəlik həyatın özü də mövzu bolluğundan fontan vurur. Amma bəzən gündəmə təbii yolla elə mövzular daxil olur ki, barəsində kitab bağlasan bitməz. Bunlar tam təbii əsasda baş verdiyi üçün heç də  hamının yeminə çevrilmir və bu barədə danışmağa, onu gündəmin aparıcı mövzusuna çevirməyə hamının hünəri çatmır. Üzgörənlik, yerlibazlıq, korporativ maraqlar, səriştəsizlik və əqidəsizlik bu zaman vulkan kimi püdkürür. Media üzərində mason ağalığını təmin edən beynəlxalq strukturlar var. Hətta onlar da gündəmə təbii yolla, yəni heç bir sifariş olmadan daxil olan mövzuların qarşısını kəsə bilmir. Bu günlərdə Azərbaycan mediasına təbii yolla, yəni millət vəkilinin iddiası ilə bir mövzu daxil oldu. Bu mövzu barəsində ayıq adamlar hələ çox danışacaqlar.  Bir müddət əvvəl "priboy" fikirlərinin əleyhinə söz açdığımız Millət vəkili Fazil Mustafa bu dəfə tam vaxtında və yerində olan bir məsələdən ötrü Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bəy əfəndi ŞİH Başçısına komik aktyorlar Rəfael və Coşqunun qadın paltarında reklam şəkillərinin küçələrdəki  panolardan yığışdırılmasını tələb edirdi. Haqlı tələb idi. Amma çox gec və bütün  ölçülərdə ziyanı, qəbahəti olan, gələcək fəsadları izah edilmədiyinə  görə bəy əfəndidən qəhrəman obrazı düzəltməyə dəyməz. Aktyorlar Rəfaellə Coşqun erkək olduqları halda arvad paltarı geyinməklə Bakının "Sovetski", Lənkəranın isə "Kiçik bazar" məhəllələrində "razborkaya" çıxarılsa kişilik adına xələl gətirməkdə  ciddi ittiham olunarlar. Amma biz bilirik ki, onlar aktyorlardır, aktrisa olmadıqda və ya obrazın bütün xarakterini tam açmaq lazım gəldikdə  və ssenariyə müvafiq olaraq erkəyin tamaşaçının da bilməsi şərtilə qadın obrazını yaratması  dünya kinosunun korifey sənətçiləri tərəfindən icra olunmuş və hamını riqqətə gətirmişdir. Aleksandr Kolyaginin və ya Yaşar Nurinin də belə obrazları olub. Hətta HOLLİVUDda da qadın obrazı yaratmaqla "Oskar" alan aktyorlar var. Lakin onların heç biri həmişə qadın obrazı yaratmaqla peşəkarlaşmayıb və bu işi ardıcıl davam etməyib. Rəfaellə Coşqun isə o qədər arvad rolu oynayıb ki, əksər tamaşaçıların nəzərində sinəsi və arxası yekə arvad obrazı kimi qalıblar. Hətta adları çəkilən kimi məhz  əcaib qadın asosiasiyası doğururlar. Bu isə artıq tamam başqa məsələdir. Buradan hətta "mavilik" qoxusu da gələ bilər. Kişilərin qadın obrazında qəşəng görünməsi və cəmiyyətin gözündə bunun adiləşməsi daha çox "üzdəniraqların"  ali məqsədlərinə müvafiqdir.  Çox güman ki, parodiya aktyorları bunun fərqində deyillər, amma bunun belə açması da yox deyil. Üstəlik, daim qadın obrazı ilə tamaşaçını güldürməyə çalışmaları çox ucuz variantdır və aktyorun artıq tükənməsini biruzə verir. Bu həm də tamaşaçının yumor zövqünü korlayır və bir çox sadəlövh tamaşaçılar gülməkdən ötrü arvad paltarı geyinmiş kişi obrazına vərdiş edirlər, başqa cür onlara təsir etmir. Rus teatrında və kinosunda erkəylərin arvad obrazı yaradaraq tamaşaçını güldürməyə çalışması dövrü çoxdan bitib. Rus yumoru buna görə də indi çox inkişaf edib. "Bu şəhərdə" teatrının əksər süjetləri rus yumorunun tərcüməsi və milliləşdirilməsi təəssüratını bağışlayır. Müşfiq Abbasov çox da öyünməsin. Hansısa qadının məharətlə kişi obrazı yaratmasını xatırlamırıq. Yaratmağa cəht göstərənlər heç də gülüş doğura bilməmişdir. Həm də yəqin ona görə ki, kişi olmaq cəhtlərində heç bir gülüş motivi yoxdur. Amma erkəyin arvad kimi görünməsi qeyri-adidir və məqbul hesab olunmur. Üstəlik arvadkimilik kişilik adına xələl gətirdiyi üçün gülüş doğurur. Bu çox əcaibdir axı. Burada qadınların gülüş hədəfinə çevrilməsi və gülüş mənbəyi kimi tanınması nüansları da var. Çörəyi "Gender bərabərliyi"ndən çıxanların gözü hansı meridiana baxır görəsən!? Sözdə qadınlıq əleyhinə bir kəlmə yazsan  internetdə yorğan-döşək sərib bütün günü orada keçirən "xəstələr" o saat sənin üstünə qarğa-quzğun kimi şığıyar. Amma Rəfaellə Coşqun istər səhnədə, istər diskdə, istərsə də TV-lərdə daim gülünc qadın obrazları yaratmağa çalışır, kimsə də bunun fərqində olmur. Üstəlik də, qadınların qadınlıq əzaları nə üçün iyrənc formada qabardılmalı və gülüş hədəfinə çevrilməlidir? Bunun iyrənc erotik tərəfi ilə yanaşı müəmmaları da çoxdur axı. Qadın bədəni nə vaxtdan gülüş obyekti olub ki? Populyar parodiya aktyorları hesab edilən bu iki şəxs zatən çox istedadlı aktyorlardır. Bunu onların bir çox filmlərdə yaratdığı obrazlara əsasən demək olar. Heç bir filmdə onlar arvad paltarı geyinməyiblər. Bəs nədən səhnədə  yalnız  mahir arvadşünas kimi görünməlidirlər? Oğlanların qız  roluna girmək cəhtlərinin gülünc olması hesabına səhnədə mütrüflük edilməsi əslində orta məktəb dövrünün bədii özfəliyyət  səviyyəsidir. Nə Rəfail, nə də Coşqun isə daha məktəbli deyillər. Üstəlik, onlar bu ilki zilhiccə ayından  etibarən artıq hacı sayılırlar. Hər bir mömin müsəlmanın vacib borcu sayılan həcc ziyarətində olmaq çox gözəl əməldir. Əlbəttə, mömin üçün! Mömin olmayan, namaz qılıb oruc tutmayan, din xadimlərini ələ salan, dolayan şəxslərin həcc səfəri ziyarət xarakteri daşımaz, adicə turist səfəri sayılar. Turist səfərinə çıxmaq üçün isə dünyada ayrı çox yerlər var. Kimin əsil hacı olduğunu Allah bilər, ancaq hamının həmin zəvvarı sonda hacı adlandırması, hacı hesab etməsi, adına hacı sözünü əlavə edərək müraciət etməsi  vacibdir.  Hacı üçün mütrüf əməllər nəinki bu gündən, lap dünəndən haramdır. Təbii ki, hacılıq bütünlüklə aktyorluğu qadağan etmir.  Amma baxır necə aktyorluğu! Sən get hacıxanım ol, amma gələndən sonra da səhnəyə çılpaq çıx, zinakarlıq elə, özünü ucuz apar, mağazin xəbərlərdə saçyoldusuna nümayiş etdir,.. Və yaxudda ki, həcdən gəldikdən sonra da narkotika sat, priton saxla, qurumsaqlıq elə, halal-haram bilmə,.. Elə şəxslərə sual oluna bilər: "Bir haldakı özün bildiyin kimi olacaqdın, daha nə üçün həccə gedirdiniz ki?" Çünki  həccə gedərkən də və gəldikdən sonra da dinin tələblərinə əməl etməlisən. Bunlar hacı üçün vacibdir. Hacı hökmən Üsuliddinə və Firuiddinə əməl etməlidir! Etməyəcəkdisə niyə gedirdi? Axı həccin əməllərinə riayət etmədikdə və bunu hamı gördükdə başqalarında həcc səfərinin möhtəşəmliyinə inam ölür, etiqadı sarsılır. Cəmiyyətimizdə məşhədi, kərbəlayi, hacı olanlara böyük diqqət formalaşıb. Və bu diqqət bütün görmək istədiyimiz pak əməllərin  onlarda təcalla etməsi kimidir. Hansısa hacının və ya kərbəlayinin gülünc, iyrənc, günah əməli təkcə onun şəxsiyyəti barədə yox, həm də onun daşıdığı dini adına da  qismən xələl gətirmiş olur və insanlar "Əgər həccə, Kərbəlaya bu cür adamlar gedirsə, deməli, oranın heç bir İlahi hikməti yoxdur" deyə düşünürlər. Bu cür düşüncələr səhv olsa da, adları qeyd olunan müqəddəs məkanların adına və təbliğinə mənfi təsir göstərir və bu səfərə hazırlaşan insanların düşüncəsində tərəddüd və ya inkar nəticəsini çıxardır. Ona görə də müqəddəs yerlərə ziyarət səfərləri təşkil edən təşkilat və ya şəxslər zəvvar toplayarkən bir qədər ehtiyyatlı və həssas olmalıdır. Həcc səfərinə sifarişlər bir il əvvəldən toplanmalı, amma sənədlərə şəxsin ziyarətlə bağlı xüsusi kurs keçdiyini təsdiq edən sənəd də əlavə olunmalıdır. Həcdə olanlar yaxşı bilir ki, hər qrupda böyük iman sahibləri ilə yanaşı, yenicə namaz qılmağa başlayan, hələ dini düz-əməlli bilməyən, imanı kamil olmayan adamlar da az olmur. Həcc səfərinə sadə maraq, alver və ya hacı adı ilə fors etmək istəyənlər, qəbir daşında hacı adı yazılsın deyə gedənlər də olur. Halbuki, bu əsla yolverilməz haldır.  İmanı, etiqadı və dini ləyaqəti çatmayan insanları qazanc naminə ziyarətə cəlb etməyin faydasından çox fəsadı və günahı var. Nümunə: Rəfaellə Coşqunun hacı olmaqlığı! Çox ola bilsin ki, onların həcc səfərinə "Azərcell" sponsorluq edib. Saf niyyətlə edibsə, Allah savabını versin. Amma bu hacıların qayıdan kimi çəkildikləri ilk reklam çarxı nəsə başqa mətləblərdən xəbər verdi. Reklam süjetində göydən Yerə iki nəfər atılır. Biri ağ, digəri qara geyimdə. Həcc səfərindən həmən sonra göydən düşməyin dini açılımları günaha yol açır. Çünki göydən yalnız mələk gələ bilər. Sonra bu "mələklərin" öz aralarında "Mənə inanacaqlar!" deyə höcət etməsi də çox mənalar doğurur. Yalnız peyğəmbərlər göydən gələn ilahi lütfün təbliğatçıları kimi xalqı inandırmağa yol alıblar. Rəfaellə Coşqun kimə nə inandıracaq?! Onları bu bu missiyada görmək həmin missiyaya -nübüvvətə qarşı da gülüş doğurmurmu?  Hacı olan şəxsin səhnədə təlxəklik eləməsi, mütrüflər kimi camaatı əyləndirməyə çalışması, kişi kimi görünməkdən daha çox, arvad kimi görünməsi əgər normal haldırsa və hacılıq adına şərafət gətirirsə, qoy bunu bu iki artistdən başqaları da etsin. Edərmi? Qeyd etdik ki, Hacı üçün təkcə namaz qılması yox, bütünlüklə Üsuliddinə (tohid, nübuvvət, məad, ədl, imamət) və Firuiddinə (namaz, oruc, həcc, cihad, xüms, zəkat, əmr-beməruf, nəhyəz-münkər, təvəlla, təbərra) əməl etməsi kimi mühüm vəzifələr var. Əsl müsəlman üçün vacibat sayılan bu sırada təlxəklik və ya mütrüflük varmı? Amma ziddinə olan Əmr-beməruf ( yalnız möminə yaraşan yaxşı işlər görmək, savab uğğrunda mübarizə aparmaq), Nəhyəz-münkər ( pis əməllərdən uzaq olmaq, möminə yaraşmayan əməllərə tövbə eləmək), Təvəlla (Allahın dostu olan möminlərlə dost olmaq), Təbərra (Allahın düşməni olan günahkarlara qarşı amansız olmaq)  var. Bu yeni hacıların namaz qılıb-qılmadığı barədə iddia yürütmək çətindir. Hər halda, məsələn, şam namazını qıldıqdan sonra əyninə arvad paltarı geyinib səhnədə mütrüflük eləməklə əsil mömin hacı arasında  yerlə göy qədər məsafə görünür. "Lotu hacı" sayılmaq isə büsbütün günahdır! İmanımızı yandırmayaq, amma bəlkə də bu iki komikin həccə göndərilməsi düşünülmüş məsələdir. Ola bilər. Çünki bunlar səhnədə mütrüflük etməyə bilməyəcəklər və deməli, hacı adını gülüş hədəfinə çevirəcəklər. Və bu söhbət təkcə aktyorlar Rəfaellə Coşquna aid deyil! Yazarlar, siyasətçilər, biznes adamları, hətta din xadimləri arasında o qədər hacı olan var ki, əməllərini heç kafirə də yaraşdırmaq olmur. Rəfaellə Coşqun sadəcə, öz qüsurlarını qəbul etmədikləri və ciddi müqavimət göstərdikləri üçün özlərini səsə saldılar. Ay nə bilim "...deputatın cavabını verdilər!", "Sabunçu seçiciləri yanılıblar" və sair. İş orasındadır ki, bu barədə cəmiyyətə ciddi mesajları dini xarakterli qeyri-hökumət təşkilatları, özlərini dinin cəfakeşləri kimi sırıyan bəzi siyasətçilər və çörəyi dindən çıxan din xadimləri verməli idilər. Amma bu məsələdə onlar susdular. Qazi Hacı Mirəziz isə məsələnin mahiyyətinə varmadan, hacılığın aktyorluğa mane olmadığını bildirməklə işini bitmiş hesab etdi və cəmiyyəti çaşdırdı. Mən hacı olaraq bu ada böyük ehtiram bəsləyən və buna görə də müsbət obrazlar yaradan Necati Şaşmazı ( Polad Ələmdar rolunun ifaçısı), bizim Şamil Süleymanovu ("Papaq" filminin qəhrəmanı Şamil), bir çox muğam ifaçılarımızın adlarını xatırlada bilərəm. Nəhayət ki, Rəfaellə Coşqun ciddi yumor yaratmaq barədə düşünməlidir. Daha nə qədər arvad paltarı geyinəcəklər? Sabah onların uşaqları, nəvələri nə deyəcək, "Atamız... babamız gedib çörək qazanmağa"? Çörəyi əsil aktyor kimi də qazanmaq olar, çörək təkcə mütrüflüyün adına yazılmayıb ki! Cəmiyyətlə və dinlə höcət etmək doğru sayılmaz. Onların sənəti bu cəmiyyət üçündür. Özünü müsəlman hesab edən tamaşaçı imtina edib onların konsertinə bilet almasa, onda məcbur olub bir daha arvad, üstəlik də mənfi arvad  obrazı  yaratmazlar. Bir halda ki, cəmiyyət onları hacı olaraq daha əvvəlki obrazlarda görmək istəmir, buyursunlar daha münasib obrazlar yaratsınlar.  Dünya dağılmayacaq ki!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31